“Ağdamın Baş planına əsasən 2040-cı ilədək şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artacaq. Bunun üçün 1 750 hektara yaxın ərazi nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.
O, qeyd edib ki, Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək:
“Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub.
Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci böyük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq.
Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan”.
Bizim.Media