28 noyabr 2021-ci il tarixində İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib.
QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Hərəkatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişaf etdirilməsinə xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.
QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə, yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaqdır.
Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.
İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib.
Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanılır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir.
Bizim.Media