Azərbaycanda daha güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanda daha güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda daha güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən AÇIQLAMA

47100

Şənbə günü Şamaxı rayonu ərazisində 4-4.5 bal gücündə bir sıra yeraltı təkanlar qeydə alınıb. Ölkənin şərq bölgəsinin bir sıra rayonlarında hiss olunan zəlzələ ciddi tələfat və dağıntılarla müşahidə olunmayıb. 

Lakin seysmik cəhətdən aktiv zonada yerləşən Azərbaycan müxtəlif dövrlərdə dağıdıcı zəlzələlərə şahidlik edib. Eyni zamanda, zəif təkanların, litosferdə daha güclü dalğalanmalara səbəb ola bilmə ehtimalının mövcudluğu da yeni və daha güclü zəlzələnin baş verməsi ilə bağlı proqnozları gündəmə gətirib.

Məsələ ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli yaxın perspektiv üçün dəqiq zəlzələ proqnozunun verilməsinin mümkünsüz olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Daxili İşlər Nazirliyindən zəlzələ ilə bağlı AÇIQLAMA


“Qısa müddətdə güclü zəlzələ ilə  bağlı dəqiq proqnozun verilməsi müşkül məsələdir. Orta və ya uzun müddət üçün isə, yerin daxilində gedən proseslər nəticəsində aktivliyin başladığını müşahidə etmək mümkündür. Aktivlik müşahidə olunduqda belə, güclü təkanlarla bağlı dəqiq proqnoz vermək yenə də mümkün deyil. Çünki aktivlik getdiyi təqdirdə belə, yüngül təkanlar vasitəsilə enerji boşalması baş verə bilər”.

Yaxın günlərdə dağıdıcı zəlzələnin baş verməsi ehtimalı yoxdur 

“Elə gün olur ki, Azərbaycanda 57 təkan olur. Lakin onlardan heç biri hiss olunmur. Şənbə günü isə, ümumi təkanlardan cəmi 14-ü hiss olundu. Yaxın günlərdə isə, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Hiss olunacaq təkanlar isə, ola da bilər, olmaya da. Bu birbaşa litosferdə gedən proseslərdən asılıdır”.

Türkiyəli geoloqlar yaxın perspektivə İstanbulda güclü zəlzələnin baş vermə ehtimalı ilə bağlı həyəcan təbili çalırlar. Azərbaycan üçün də bu cür təhlükə ehtimalı mövcuddurmu?

“İstər Türkiyədə, istərsə də İranda geoloji quruluş Azərbaycandan tamamilə fərqlidir. Məsələn, bu gün Alanyada hiss edilən təkanlar olub. 8 gün öncə isə İranın cənubunda. Bəndər-Abbasda zəlzələnin episentri Astara məntəqəsindən 1280 km uzaqlıqda yerləşirdi. Bu səbəblərdən ötrü, qonşu ölkədə baş verən zəlzələlərin Azərbaycana təsiri ehtimalı azdır. Sözügedən təkanlar əgər, bizim regionda litosferdə qırılmalar varsa, yalnız o zaman güclü zəlzələlərin baş verməsində tətikləyici rol oynaya bilər”.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO