Eldar Mahmudovun 3 milyon tələbi - Generalın məhkəməsindən YENİ XƏBƏR

Eldar Mahmudovun 3 milyon tələbi - Generalın məhkəməsindən YENİ XƏBƏR

Hazırda oxunan: Eldar Mahmudovun 3 milyon tələbi - Generalın məhkəməsindən YENİ XƏBƏR

46419

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Bizim.Media xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. 

Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.

“Qaynarinfo”nun məlumatına görə, noyabrın 16-da baş tutan iclasdan öncə jurnalistlər qanunsuzluğa etiraz əlaməti olaraq Bakı Hərbi Məhkəməsinin önündə aksiya keçiriblər.
 

Jurnalistlər üzərində "Mövlan Şıxəliyevlə komandasının məhkəməsini ictimaiyyətdən gizli keçirməyin!”, "MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin! Jurnalistləri məhkəməyə buraxın” sözləri yazılan plakatlar tutmaqla məhkəmənin qanunsuz qərarına etirazlarını bildiriblər.


Məhkəmə binası önünə toplaşan zərərçəkənlər mətbuat nümayəndələri ilə həmrəylik nümayiş etdirərək aksiya bitənə kimi məhkəmə zalına daxil olmaqdan imtina ediblər.
Aksiyadan sonra zərərçəkənlər prosesə qatılıb. Hakim Elbəy Allahverdiyev sərbəst ifadə vermək üçün sözü zərərçəkənlərdən Hüseyn Səfərova verib. 

"Mənə qarşı dəhşətli cinayət törədiblər”

Zərərçəkən deyib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qurbanıdır:
 

MÖVZU İLƏ BAĞLI:

MTN-i cəza aparatına çevirən Mahmudov niyə həbs olunmur? – Səbəblər və Faktlar


"Bu gün təqsirləndirilən şəxs statusunda mühakimə olunan Mövlan Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri mənə qarşı dəhşətli cinayət törədiblər. 2008-ci ilin oktyabrında məni özlərinin uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüb, 67 gün MTN binasında, İstintaq İdarəsində saxlayıblar. Həmin müddətdə mən günboyu MTN-dəki müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolların toplanmasını gözləmişəm. O günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb.

"Pulu verin, nazirin göstərişidir"
 

"Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlan Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi.


Bu gün burada, məhkəmə salonundakı dəmir qəfəsdə Mövlan Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir. Mənə qarşı cinayətdən onun məlumatı olub. Bunu Mövlan Şıxəliyev təsdiq edə bilər. O, MTN-dəki kabinetində məndən pulu tələb edəndə Eldar Mahmudovun adından danışırdı. Deyirdi ki, nazir deyir 3 milyon versin, onu buraxaq. 

Mövlan Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də dedi ki, heç olmasa 2 milyon dollar verin, verməsən səni buraxmayacağıq. Qeyd etdiyim kimi, hər dəfə də "nazirin göstərişidir” deyirdi. 

67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən.
 

O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-nin binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Pulu aldılar, məni də bir neçə gün açıb buraxdılar”.


İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO