Cəmşid Naxçıvanski adına Hərbi Liseydə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan mayor Asiman Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə liseyin zabit, kursant, müəllim heyəti, şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Hərbi Liseydə kursantların andiçmə mərasimi keçirildi - FOTO+VİDEO
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid A.Əliyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Şəhidin atası Vaqif Əliyev övladı haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar.
Qeyd olunub ki, şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcək.
Sonda Hərbi liseyin kursantlarının ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.
Bizim.Media