Bu jurnalistlər QARABAĞA köçəcək - SİYAHI

Bu jurnalistlər QARABAĞA köçəcək - SİYAHI

Hazırda oxunan: Bu jurnalistlər QARABAĞA köçəcək - SİYAHI

44489

İşğaldan azad edilən ərazilərimiz gündən-günə dirçəlir. Erməni vandallarının yerlı-yeksan etdiyi və tarimar saldığı torpaqlar cənnətə çevrilir. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, hotellər tikmək üçün azərbaycanlı və xarici investorlar dəvət edilib.

Bir sözlə çox yaxın gələcəkdə azad edilən bütün torpaqlarımıza Böyük Qayıdış başlayacaq və el-obalarından 30 ilə yaxın didərgin düşmüş məcburi köçkünlər Qarabağa qayıdacaq.  

Bəs, jurnalistlərimiz necə, Böyük Qaydış zamanı doğma ocaqlarına daimi fəaliyyət və yaşamaq üçün dönəcəklərmi?

Bizim.Media tanınmış həmkarlar arasında sorğu keçirib. Sorğuda iştirak edən hər kəs səbirsizliklə o günü gözlədiklərini dilə gətiriblər. 



Əslən Laçından olan telejurnalist Günay Malikqızı doğma yurdunda və ümumiyyətlə işğaldan azad olunan torpaqların reabilitasiyasında yaxından iştirak etmək arzusunda olduğunu deyib:

“Mən Bakıda anadan olmuşam. Atam və anam 70-ci illərin əvvəlindən Bakıda yaşayıblar. Mənim məcburi köçkün olan ailə üzvlərim hamısı dönmək istəyir. Təbii ki, mən də doğma Laçında babalarımın evlərinə gedəcəyəm və prosesdə iştirak etmək istəyirəm. Yəni bu dəqiqə soruşsanız, orada işləyib nəsə töhvə vermək istəyərəm”.



Əslən Şuşalı,“Kaspi” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlinin sözlərinə görə Şuşa ilə əvəzedilməz bağlılığı var:

“Ailəmiz o günü səbirsizliklə gözləyir. Şuşa ata-baba torpağımızdır, əzizlərimizin məzarları oradadır. Bu məsələdə həm də mənim üçün bir  xüsus var. O da atamla bağlıdır. Bilirsiniz ki, atam Feruz Məmmədov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı şəhid olub və onun qəbri belə yoxdur. Həm də bunun üçün Şuşa mənim üçün müqəddəsdir”.

Jurnalist işlə bağlı azad edilmiş ərazilərdə hamı üçün imkanlar yaradılacağına əmin olduğunu da vurğulayıb. 



Əslən Ağdamlı əməkdar jurnalist Mətanət Ağamirli bir cümlə ilə Böyük Qayıdış zamanı doğma yurduna qayıdacağını ifadə edib:

“Əlbəttə qayıdacağam, niyə də yox...” , - deyə jurnalist qeyd edib.  



 “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə bütün məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqları günü gözlədiklərini deyib:

“Hər gün bunun üçün dualar edilib, qurbanlar deyilib. Şükür ki, arzumuz çin olub və o gün gəlib çatıb. Burada ixtisasın, sosial statusun, insanın tutduğu vəzifənin heç bir önəmi yoxdur. Söhbət doğma yurda dönüşdən gedir. İşğaldan azad olunan ərazilərimizin hansı durumda olduğunu bütün dünya görür. Düşmən orada daşı -daş üstə qoymayıb, hamısını talan edib, yandırıb, yağmalayıb. Orada infrastruktur yenidən qurulmalıdır, yaşayış üçün şərait yaradılmalıdır. Bu məsələlər öz həllini tapandan sonra qayıdışla bağlı heç bir problem olmayacaq”, - deyə əslən Laçından olan jurnalist əlavə edib. 



Cebhe.info və “Cümhuriyət” qəzetinin əməkdaşı Vilayət Muxtar doğulduğu Laçına 2 yaşından sonra həsrət qaldığını dilə gətirib. 29 ildir Bakıda yaşadığını deyən jurnalist hər zaman Laçını görmək, o torpaqlarda olmaq arzusu ilə yanıb tutuşduğunu qeyd edib:

“Məlum səbəblərdən Laçını görmək mənə qismət olmayıb. Düzdür, artıq 1 ildir ki, Laçın işğaldan azad olunub, amma hələ də gedə bilməmişəm. Digər işğaldan azad olunan torpaqlarda, Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə olmuşam. Amma Laçını hələ görməmişəm. Böyük Qayıdış məsələsinə gəlincə, bu anı çox səbirsizliklə gözləyirəm”. 

Jurnalistin sözlərinə görə məcburi köçkünlərlə bağlı fərqli fikirlər səslənir:

“Getmək istəmirlər”, “burada bəy keyfində yaşayırlar” və sairə kimi lazımsız, bölücü, kifayət qədər riyəkar fikirlər səslənir. Amma reallıq tamamilə fərqlidir. Tanıdığım məcburi köçkünlər geri qayıtmağa çox tələsir. Mən isə təbii ki, qayıdacağam. Laçına getmək, dədə-baba torpağında yaşamaq hər zaman xəyalım olub. Artıq bu xəyal gerçəkləşmək üzrədir. Bu gün Laçın azaddır, ümid edirəm ki, qısa zamanda o torpağa daimi yaşamaq üçün qayıtmaq bizə də qismət olacaq”.



Hərbi jurnalist Anar Şuşalı artıq Şuşaya döndüyünü deyib:

“Mən Şuşaya tez-tez gedirəm. Artıq o günü gözləyirəm ki, təməlli doğma Şuşamda yaşayım. Şuşada evimizi tapmışam. Vaxtaşırı oranı və qohumlarımızın məzarını ziyarət edirəm. Arzum Şuşada daimi yaşamaq və işləməkdir. Hətta könüllü şəkildə Xankəndidə də yaşayaram. Çünki mən Xankəndidə anadan olmuşam, Şuşada isə böyümüşəm. Yəqin ki bütün məcburi köçkünlər inşallah ki, torpaqlarına qayıtmaq fikrindədirlər”. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO