Avropa Türkiyədən niyə ehtiyatlanır? – Geri addımın SƏBƏBLƏRİ

Avropa Türkiyədən niyə ehtiyatlanır? – Geri addımın SƏBƏBLƏRİ

Hazırda oxunan: Avropa Türkiyədən niyə ehtiyatlanır? – Geri addımın SƏBƏBLƏRİ

43807

Son illərdə Türkiyə-Qərb münasibətlərində ciddi soyuqlaşma müşahidə olunur. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 23-də Osman Kavalanın sərbəst buraxılması üçün ortaq çağırış edən 10 ölkənin səfirlərinin Türkiyədən çıxarılması əmrini verməsindən sonra sözügedən mövzu daha da aktuallaşıb. Lakin Ərdoğanın bu addımını bardağı daşıran son damla kimi qiymətləndirmək daha doğru olardı. Belə ki, Türkiyə-Avropa münasibətləri 2016-ci ildən indiyə kimi baş vermiş bir sıra anlaşmazlıqlar səbəbindən bu səviyyədə korlanıb.

1. Avropa İttifaqının Türkiyəni Birliyə qəbul etməkdən qətiyyətlə imtina etməsi. Xatırladaq ki, 2016-cı ilə qədər rəsmi Ankaranın xarici siyasət xəttində Aİ-yə daxil olmaq mühüm prioritetlərdən biri kimi qəbul edilirdi. Lakin İttifaqın buna qarşı əlindən gələni əsirgəməməsi münasibətlərin pozulmasının başlanğıcını qoydu.

2. İyulun 15-də baş tutan çevriliş cəhdini Avropanın susaraq izləməsi. 2016-ci ildə ölkədə hakimiyyəti ələ keçirməyə və Ərdoğana qarşı sui-qəsdə cəhd edən bir sıra fərari məmurlar Avropa ölkələrinə sığındılar və İttifaq həmin şəxsləri Türkiyəyə qaytarmaqdan imtina etdi. Eyni zamanda Aİ ölkələrindən heç biri Türkiyənin demokratik yolla seçilmiş hökumətinə qarşı çevriliş cəhdini qınayan hər hansı rəsmi açıqlama vermədi.

3. Suriya böhranında Türkiyəyə qarşı sərgilənən mövqe. Ölkəsinin sərhəd təhlükəsizliyini təmin etmək üçün Suriyada hərbi əməliyyatlara başlamağa məcbur olan Türkiyə qonşuluğunda dövlət yaratmağa çalışılan separatçı YPG qruplaşmasına qarşı mübarizəyə başladı. Lakin Ankaranın Avropa və ABŞ tərəfindən dəstəklənən kürd silahlı birləşmələrinə qarşı bu həmləsi də Qərb tərəfindən narazılıqla qarşılandı.

4. Liviyada qazanılan uğurlar. Türkiyə Liviyadakı hərbi və siyasi böhranın qarşısını almaq məqsədilə Şimali Afrikada da əməli addımlar atdı. Bunun nəticəsində isə, Liviyanın qərb hissəsi nəzarətə götürüldü. Belə olan halda isə, Liviyanın bu hissəsini nüfuz dairəsində saxlayan Fransa regiondan sıxışdırıldı.

5. Aralıq dənizində toqquşan maraqlar. Türkiyənin Aralıq dənizinin qaz yataqları yerləşən hissəsində Yunanıstanla rəqabətdə qazandığı uğur İttifaqın, ələxsus da Fransanın narahatlığına səbəb oldu. Nəticədə rəsmi Parislə birlikdə bir sıra Cənubi Avropa ölkələri Ankaraya qarşı sanksiyalar tətbiq etdilər.

6. 44 günlük müharibədən sonra Cənubi Qafqazda Türkiyənin nüfuzunun artması. Təbii ki, Azərbaycanın Türkiyənin mənəvi dəstəyi ilə qazandığı qələbə, Qərbin hakimiyyət gətirdiyi Paşinyanın əl-qolunu tamamilə bağladı. Bu isə, yenə də Ermənistanın Avropadakı əsas müttəfiqi olan Fransanın bölgədən sıxışdırılması ilə nəticələndi.

Bütün sadalananların üzərin ABŞ-la Türkiyə arasında dərin uçurumların yaranmasına səbəb olan “F-35”-lər və “S-400”-lər böhranlarını da əlavə etdikdə bütün proseslər Türkiyənin sonda NATO-dan çıxarılması ilə nəticələnə biləcəyinə işarə edirdi.

Lakin...

Qərb bu cür radikal addıma getməkdən çəkindi. Belə ki, Türkiyənin “Gülənçi” və “Sorosçu” Osman Kavala məsələsində sərt mövqeyi Qərbin geri addım atması ilə nəticələndi. Bunun əsas səbəbi isə, Qərbin də Türkiyədən asılılığının böyük olması idi. Doğrudur, rəsmi Ankaraya qarşı radikal cavabın verilməsi, ixracının 50%-i Avropaya yönələn Türkiyə üçün ağır nəticələr doğura bilərdi. Amma rəsmi Ankaranın da Avropa qarşısında güclü bir “kozır”ı öz təsir gücünü qorumaqdadır; 

4 milyon qaçqın.

Xatırladaq ki, Suriyada daxili savaşın böyüməsindən sonra ölkəsindən qaçqın düşən milyonlarla suriyalı Türkiyədən keçməklə Avropaya pənah gətirmə üçün yola çıxdılar. Lakin Avropa üçün bu miqyasda miqrant problemi ilə üz-üzə qalmaq ən arzuolunmaz ssenari idi. Nəticədə rəsmi Ankaranın qapısını döyən Avropa 6 milyard dollar müqabilində qaçqınların Türkiyədə saxlanılmasına nail ola bildi.

Lakin münasibətlərdə artan gərginlik və rəsmi Ankaraya yönələn təzyiqlərin nəticəsi olaraq Ərdoğan administrasiyası miqrantların Avropaya gedən yolunu aça bilər.

Bundan əlavə Türkiyənin NATO-nun bölgədəki əsas gücü olduğunu da qeyd etmək vacibdir. Eyni zamanda rəsmi Ankara Alyansın Əfqanıstanda nüfuzunu saxlaması üçün yeganə açar rolunu da oynamaqdadır.

Ümumilikdə isə, sadalanan problemli məsələlər fonunda, Avropa və Türkiyə arasındakı qarşılıqlı asılılıqların mövcudluğu onu deməyə əsas verir ki, Qərbin rəsmi Ankara ilə münasibətlərdə “qırmızı xətti” keçməməsi hər iki tərəf üçün ən uğurlu variant olaraq qalmaqdadır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO