Bir müddət əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Ves Martin İranın Azərbaycana qarşı təsribatları barəsində məqalə yayımlayıb. Nüfuzlu “Tovnhol” jurnalında yayımlanan məqalədə İranın xüsusi tezlikdəki radio dalğalar vasitəsilə Azərbaycanı hədəf aldığı və anti-Azərbaycan təbliğatı ilə məşğul odluğunu qeyd edilir.
Ves Martinin məqaləsi eyni zamanda İranın Azərbaycana qarşı anti-təbliğat fəaliyyətlərini yenidən gündəmə gətirib. Artıq uzun illərdir ki, İran mərkəzli qurumlar və şəxslər tərəfindən anti-Azərbaycan təbliğatının aparıldığı, saxta xəbərlərin və dezinformasiyalar vasitəsilə Azərbaycanda xaos yaradılması cəhdləri məlumdur. Diqqət çəkən əsas amil isə bu cür cəhdlərin xüsusi istiqamətlər üzrə bu gün də davam etdirilməsidir.
MÖVZU İLƏ BAĞLI:
İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO
İranın anti-Azərbaycan fəaliyyətinin əsas hissəsi Azərbaycan və Qafqazla bağlı beyin mərkəzlərinin yaradılmasından ibarətdir. Bu beyin mərkəzlərinin üzdə Qafqazın və Azərbaycanın tarixi ilə bağlı araşdırmalar apardığı müşahidə olunur. Lakin fəaliyyətlərin əsl mahiyyəti İranın Qafqaz regionunda “yumşaq gücü”nu formalaşdırmaqdan ibarətdir. İran mərkəzli qurumlar Qafqazın tarixini İranın maraqlarına uyğun şəkildə araşdırılmasını və təbliğini həyata keçirir. Bununla da İranın bölgədəki tarixi və geosiyasi nüfuzunun gücləndirilməsinə və Azərbaycanın İranın bir parçası kimi təqdim edilməsinə çalışır. “Aran” Beynəlxalq Araşdırmalar Mərkəzi, Qafqaz Araşdırmalar İnstitutu, İran Avrasiya Araşdırmalar İnstitutu kimi mərkəzlər oxşar qaydada regionun alternativ və İranın maraqlarına cavab verən, dolayısı ilə saxta tarixini təbliğ etməklə məşğuldur.
İrandakı anti-Azərbaycan fəaliyyətlərinin bir digər istiqaməti isə media ilə bağlıdır. İran mərkəzli media qurumları və xəbər saytları birbaşa Azərbaycanı hədəf alan məzmunda xəbərlər və araşdırmalar yayımlayır. Bu saytlar tərəfindən Azərbaycanın daxili vəziyyətini, ölkədəki siyasi prosesləri və dini icmaların vəziyyətini gündəmə gətirilir. Azərbaycana qarşı tarixi-mədəni və siyasi istiqamətlər üzrə kampaniyanın tərkib hissəsi olan bu saytlar ölkədəki şiə islamçıları müdafiə edən və Azərbaycan rəhbərliyini hədəf alan məlumatlar tirajlayırlar.
“Səhər” kanalı, “Mashreghnews”, “Bultannews” kimi saytlar İrandakı anti-Azərbaycan meyllərinin əsas mərkəzləridir.
İran eyni zamanda Azərbaycanla bağlı aparılan anti-təbliğat kampaniyasını şəxslər üzərindən həyata keçirir. Xüsusilə radio və televiziya sahəsində təcrübəsi olan, Azərbaycan üzrə ixtisaslaşmış şəxslər müxtəlif media qurumlarında və saytlarda siyasi təhlilçi kimi təqdim olunur. Bu şəxlər vasitəsilə Azərbaycanın daxili siyasəti, mədəni və tarixi keşmişi, siyasi rəhbərliyi barəsində İranın maraqlarına cavab verən məlumatların tirajlanması təmin olunur. Salar Seyfəddini, Bürhan Hikməti və Cəfər Fərdi kimi şəxslər bu istiqamətin önəmli icraçılarıdır.
Bu qurumlar və saytlar Azərbaycana qarşı fəaliyyətlərdə İrandakı ermənilərlə də sıx şəkildə əməkdaşlıq edir. Dolayı yolla ermənilərin Azərbaycana qarşı fəaliyyətləri üçün platforma yaratmaqla kampaniyanı daha da genişlədirməyə çalışırlar.
Qeyd olunan istiqamətlər üzrə fəaliyyətlər günü bu gün də davam edir. Adı çəkilən beyin mərkəzləri, media qurumları və şəxslər İranın Xarici İşlər Nazirliyi, SEPAH kimi ilə rəsmi dövlət qurumları ilə yaxın əlaqələrə malikdir.
Bu mərkəzlərin və saytların maliyyə kadr ehtiyacları da rəsmi qurumlar tərəfindən təmin olunur. Nəzərdən keçirilən faktlar anti-Azərbaycan təbliğatının məqsədli şəkildə, müvafiq dairələrin göstərişi ilə icra edildiyini ortaya qoyur.
İranda anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan mərkəzlər, saytlar və şəxslər haqqında “Azad İran” kanalı tərəfindən aparılan araşdırmanı təqdim edirik:
Bizim.Media