Bakının MƏŞHUR BAZARLARI: “Bit bazarı”, “İt bazarı”, “Kubinka bazarı”...

Bakının MƏŞHUR BAZARLARI: “Bit bazarı”, “İt bazarı”, “Kubinka bazarı”...

Hazırda oxunan: Bakının MƏŞHUR BAZARLARI: “Bit bazarı”, “İt bazarı”, “Kubinka bazarı”...

42878

Bakı şəhəri qədimdən bazarları ilə də məşhur olub. Burada keçmiş zamanlardan müxtəlif adlarda bazarlar olub. Həm Bakının mərkəzində, həm də ətraf kəndlərində müxtəlif adlarda bazarlar var idi. Zamanla bunların bəziləri bağlansa da hazırda fəaliyyətini davam etdirən, qeyri-adi adlarla adlandırılan bazarlar mövcuddur. Maraqlısı isə illər əvvəl bağlanan bazarların əraziləri, şəhər sakinlərinin dilində elə eyni adlarla da qalıb.

Bu bazarlar harada yerləşib və hansı fəaliyyətlə məşğul olublar?

“Bit” bazarı

Bu bazarının müxtəlif adları var. Bura bəzən “Cındır bazarı”, bəzən də “Rus bazarı” deyirlər. Bakının Sabunçu qəsəbəsində yerləşən bu bazar fəaliyyətini hələ də davam etdirir. 

Niyə “Bit bazarı”?

Hələ sovet hakimiyyəti zaman qurulan bu bazarda diri bit əldə etmək olurdu. O zamanlar sarılıq xəstəliyini diri bitlə müalicəsi bir növ dəb halına aldığı üçün bu həşəratı axtaran alıcının yolu mütləq bu bazara düşürdü. Çünki iddialara görə, bit yeyən insanlarda bu xəstəlik müalicə olunurdu. Bundan başqa bu bazarda axtarılan bütün nimdaş əşyaları da əldə etmək olurdu.

Həftənin şənbə və bazar günləri saat 09:00-16:00 arasında fəaliyyət göstərən “bit bazarı”nda digər bazarlardakı kimi yeni mallar satılmır. Sözügedən məkanda hər şey tapmaq mümkündür: köhnə əşyalar, cır-cındır paltar, rayondan gətirilmiş quşlar, paltolar, telefon batareyaları, video kasetlər, geyinilmiş ayaqqabılar, köhnə kosmetik vasitələr, mis və alüminium qablar, samovarlar, güzgülər, güldan və vazalar, vaxtı belə dəqiq göstərməyən saatlar, sınıq oyuncaqlar, köhnə təqvimlər, kitablar, köhnə mebellər və s. Hətta burada köhnəlmiş yataq dəstləri də satılır. Bir sözlə, ağla gələn hər bir əşyanı burada əldə etmək olar.  

“Quş bazarı” və ya “İt bazarı”

“Təzəbazar”ın yaxınlığındakı bu heyvan bazarına “it bazarı” da deyirlər, “quş bazarı” da. Hər həftənin bazar günləri səhər saat 08:00-dan 16:00-dək burada müxtəlif növ heyvan və quşların satışı həyata keçirilir. Burada it, pişik, quş, balıq və digər heyvan cincləri satılır. Lakin bura yeganə quş bazarı deyil. Çünki bu ad altında bazarlar Bakının bir neçə yerində fəaliyyət göstərir. Sabunçu qəsəbəsində də bu quş bazarı var. Orada isə yalnız göyərçin quşları əldə etmək olur. Bundan başqa Maştağa qəsəbələrində “Toyuq bazarı” da fəaliyyət göstərir.

“İt bazarı”

“İt bazarı” deyilən ərazi isə “Təzə Bazar”ın ərazisində yerləşir. Burada müxtəlif qiymətlərdə və cinslərdə it tapmaq mümkündür. İt almaq istəyənlər mütləq yollarını buradan salmalı olur. Lakin xüsusi döyüş itləri axtaranlar isə Sabunçunun “it bazarı”na mütləq baş çəkməlidir.

“Maşın bazarı”

Babək prospektində “8-ci kilometr maşın bazarı” alıcıların üzünə hər zaman açıqdır. Burada alıcılar avtomobildən başqa hər cür maşın üçün lazım olan ehtiyat hissələridə əldə edə bilərlər. İllərdir fəaliyyət göstərən bazar bu adla hər zaman məşhur olub. 

“Dollar bazarı” 

Bakının “28 may” metrosu ərazisində yerləşən bu “qara bazar” uzun zaman fəaliyyət göstərib. Bu ərazidə dollar mübadiləsi ilə məşğul olan şəxslər çox olub. Qeyd edək ki, “dollar bazarı” daha sonra təmizlənərək fəaliyyətini dayandırıb. Bir müddət şəhərin müxtəlif yerlərində, o cümlədən “Malakan bağı” deyilən ərazidə də peyda olub. Nərimanov metrosu ərazisində də bu bazara rast gəlinib. Bu bazarda xarici valyuta alıcılara daha baha qiymətə satılırdı. Hazırda “28 may” metrosu ətrafında gizlin də olsa az şəkildə fəaliyyət göstərdiyi deyilir.

“Çek bazarı”

Bir zamanlar dövriyyə buraxılan istiqrazları əldə etmək istəyən alıcılar da məhz bu əraziyə “28 may” ərazisinə üz tuturdu. Metronun çıxışında “çek satanlar” açıq şəkildə istiqrazları alır və satırdı. Alış zamanı “qiymət öldürən”lər, daha sonra alıcılara bu kağızları baha qiymətə satmağa çalışırdılar.

“Kubinka bazarı”

“Köhnə Bakı” dedikdə ağıla ilk gələn, öz yazılmayan qanunları ilə idarə olunan “Kubinka” bazarı gəlir. Bu bazar Nizami metrosunun yaxınlığında “Sovetski” məhəlləsinin yaxınlığında yerləşirdi. Əvvəllər kim nə istəyirdi, həmin bazardan tapırdı. Elə ona görə də buraya "Kubinka" deyirdilər. Burada zinət əşyalarından tutmuş ipək parçalar, kəlağayılar, geyimlər bir sözlə hər bir şey əldə etmək mümkün idi.

Bakıda fəaliyyət göstərən bazarlar təkcə bunlar deyildi. Hələ siyahıda çox bazarların adları var.

Ardı gələn yazımızda...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO