Sənədsiz evlərin “kupça” problemi bu il də həll OLUNMAYACAQ – RƏSMİ 

Sənədsiz evlərin “kupça” problemi bu il də həll OLUNMAYACAQ – RƏSMİ 

Hazırda oxunan: Sənədsiz evlərin “kupça” problemi bu il də həll OLUNMAYACAQ – RƏSMİ 

42664

Xəbər verildiyi kimi bu ilin 9 ayında Azərbaycanda 219 968 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. 

Sənədsiz evlərlə bağlı məsələ Azərbaycanda uzun illərdir ki, müzakirə olunur. Paytaxtda sənədləşmə aparılmadan tikilən və sayı yüz minlərlə olan fərdi və çoxmənzilli binaların aqibəti barədə zaman-zaman düşünülsə də, fakt odur ki, məsələ bu gün də həll olunmamış qalır. Bəzi məlumatlara görə Bakı şəhərində sənədsiz evlərin sayı 500 mindən çoxdur.
 

Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə dövlət başçısı tərəfindən tapşırıq və sərəncamlar verilib. Həmçinin problem mütəmadi olaraq ölkə rəhbərliyi tərəfindən dilə gətirilib.


Xatırladaq ki, 2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. Ölkə başçısı Bakıda evlərin qeydiyyata alınmasında problemlərin olduğunu qeyd edərək bu məsələnin həlli zamanı baş verən nöqsanların aradan qaldırılması ilə bağlı göstərişlər verərək, prosesin şəffaf həyata keçirilməsini tələb edib.

Hətta birbaşa olaraq məsələnin həllini Bakı şəhər İcra Hakimiyyətinə həvalə edib. Amma nəinki tapşırıq icra olundu, ümumiyyətlə, bu məsələnin ardına düşülmədi. 

Daha sonra prezident İlham Əliyev 2015-ci ilin yanvar ayında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Maraqlıdır, illərdir  inventarlaşması aparılan sənədsiz evlərin dövlət reyestrinə salınması prosesi niyə ləngiyir? 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, sənədsiz evlərin uçotunun aparılması ilə bağlı yerli icra hakimiyyətlərində komissiyalar yaradılıb və bu günə qədər 267 000-ə yaxın sənədsiz evin uçotu tamamlanıb:
 

“2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı işlərin aparılmasında ləngimələr olub. Ölkəmizdə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın öz ata baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmaması bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olub”.


Komitədən qeyd olunub ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir:

“Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu Komissiyanın üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayır. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillərə uyğun olaraq, sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO