Paytaxt Bakıda hələ də istismar müddəti bitmiş çox sayda binalar qalır. 2, 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi zərurəti illərdir ki, müzakirə olunur. Hazırda Bakı şəhərində "Xruşovka”ların çoxu istismar müddətini bitirib və istismara yararsızdırlar. Buna baxmayaraq, hələ də onlardan istifadə edilir.
Xatırladaq ki, 2016-cı ildə dövlət səviyyəsində istismar müddəti keçmiş binaların sökülməsi və yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb.
Hətta bir neçə il əvvəl paytaxt ərazisində prosesə də başlanıldı və daha çox 2-3 mərtəbəli yaşayış binaları söküldü. Amma qəzalı vəziyyətlə yanaşı istifadə müddəti bitmiş kifayət qədər yaşayış binalarında hələ də yaşayış var.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bizim.Media-ya bildirib ki, istifadə müddəti bitmiş binaların sayı kifayət qədər olsa da, onlarla bağlı heç bir iş görülmür:
““Nəsimi rayonu ərazisində yerləşən fransız “Xruşovka” layihəli mənzillər, “28 may” metrostansiyasından “İçərişəhər”ə doğru gedən hissələrdə köhnə 2 mərtəbəli arxitektur və italyan layihəli binalar, eləcə də “Nərimanov”, “Gənclik” ərazilərində “Stalinka” və “Xruşovka”ların istismar müddəti çoxdan bitib.
O binalardan sonra “Leninqrad” layihəli salınmış Günəşli, Əhmədli, Xətai rayonunun bəzi hissələri və son illərə aid olan eksperimental binalar istisna olunmaqla qalan tikililərin istismar müddəti bitib.
Bir neçə il əvvəl Bakı şəhər İcra Hakimiyyəti bəzi binalarda bərkitmə işi adı altında müəyyən fasad işləri gördü. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Çünki həmin binaların əksəriyyəti panel konstruksiyalardan inşa olunub. Onların bünövrələrində hər hansı bərkitmə işləri aparmaq mümkün deyil”.
Ekspertin istismar müddəti bitən binaların təhlükəliliyindən də danışıb. O, deyib ki, hər hansı seysmik hadisə və ya zəlzələ nəticəsində həmin binalrla bağlı risklər olduqca yüksəkdir, hər an uça bilərlər:
“Amma adi vəziyyətdə təhlükəlilik 15 faizdir. Binanın istifadəsi onun layihəsindən və sonradan orada aparılan hər hansı rekonstruksiya, yaxud restavrasiya işlərindən asılıdır. Məsələn, paytaxtda əksər binaların birinci mərtəbəsi qeyri-yaşayış obyektlərinə keçib. Həmin binalarda təyinatdəyişmə zamanı əsas dayaq və ötürücü sütunlara çox ciddi ziyan dəyib.
Bu mənada fikrimcə, o binaların istismar müddəti bir qədər də azalıb. Normalda isə panel binaların maksimum istismar müddəti təqribən 40-50 ildir ki, bu müddət artıq çoxdan bitib”.
Ramil Osmanlı cavabdeh qurumları sözügedən məsələ ilə bağlı tədbirlər görməyə çağırıb:
“Fövqəladə Hallar Nazirliyi həmin binaların dayanıqlığını müəyyənləşdirir, Bakı Şəhər İcra Hakimiyyəti isə tikililərin inventarlaşmasını, uçotunu və saxlanmasını həyata keçirir. Fikrimcə, problem nəzarətdə saxlanılmalıdır”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratsaq da, qurumdan telefon zənglərimizə cavab verən olmayıb.
Xatırladaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur.
Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, Nazirlər Kabinətinə də müraciət edilib.
Alçina Amilqızı, Bizim.Media