Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Vilayət Quliyev ermənilərin tarixi saxtalaşdırmaq iddialarını istehza ilə qarşılayıb.
Bizim.Media xəbər verir ki, sabiq nazir özünün “Facebook” hesabından yazdığı statusda ermənilərin Qarabağda minlərlə “abidələr”inin olduğu iddiasını “pripiska”ya bənzədib:
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Kərbəcərdən unitazları da daşıyırlar
“Bəlkə də indiki gənclər bilmir - sovet dövründə "pripiska" deyilən yalan üsulu vardı. Pripiska - istehsalla bağlı rəqəmləri şişirtmək, bu yolla da həm yaxşı işlədiyini göstərmək, həm də dövlətdən əlavə vəsait qoparmaq məqsədi daşıyırdı. İkinci Qarabağ müharibəsinin erməni tərəfdən quraşdırılan tarixi də başdan-başa pripiskadır”.
Vilayət Quliyev Ermənilərin tarixi saxtalaşdırmaq üçün əl atdığı variantlara da öz münasibətini bildirib:
“Deməli, iddia olunur ki, "Azərbaycanın nəzarətinə keçən ərazilərdə" 2000-dən çox erməni tarixi abidəsi qalıb (görünür, apara bilmədikləri unitazları da bura daxil ediblər). Guya onların arasında 122 kilsə, 52 qala, 13 monastır kompleksi, 523 xaçkar var. Yeri gəlmişkən, "tarixi abidə" dedikləri xaç daşını sex üsulu ilə düzəldib "qədimləşdirmək" üçün bir neçə gün kifayətdir. Cəbrayıldakı gülünc daxmanın timsalında "tarixi abidə" dedikləri 2-3 il əvvəl qondarılan kilsənin nə demək olduğunu da gördük. Amma nə qədər fikirləşirsən, bu iki min abidənin harada olduğunu təsəvvür edə bilmirsən. Görünür, hayların yaşadıqları uçuq-sökük daxmalar başdan-başa hansısa uydurma Tiqranın, yad Trdatın dövründən qalmış "abidələr" imiş...”
Sən demə hər erməni kəndi Luvr, Ermitraj imiş...
Sabiq XİN rəhbəri “Yenə "Azərbaycanın nəzarətinə keçən ərazilərdəki" 12 muzeydə qalmış 20 mindən çox eksponatın taleyindən narahatlıq ifadə olunur. Pah atonnan! Sən demə hər erməni kəndi Luvr, ya da Ermitaj imiş ki! Və yəqin hər şagird dəftəri də qiymətli eksponat sayılırmış. Xəstə təfəkkürün pripiskası da belə olur. Ayrı necə ola bilərdi ki?”, - sözləri ilə fikirlərini yekunlaşdırıb.
Murad Əhmədov, Bizim.Media