Məşhur aparıcıdan Laçın etirafları - Atamın nakam köçməsini indi anlayıram...

Məşhur aparıcıdan Laçın etirafları - Atamın nakam köçməsini indi anlayıram...

Hazırda oxunan: Məşhur aparıcıdan Laçın etirafları - Atamın nakam köçməsini indi anlayıram...

4170

Laçının işğaldan azad olunması həm də indiyə qədər cəmiyyətdə üzdə olan simalarının məhz bu bölgədən olduğu bilgilərini  də ortaya çıxarıb. 

Bəs, onların laçınlı günləri xatirələrində necə qalıb?

Məşhur teleaparıcı Günay Malikqızı Laçınla bağlı maraqlı xatirələrini Bizim.Media ilə bölüşüb. Söhbət zamanı o, məktəb vaxtı yay tətillərini Laçında keçirdiyini, oranın füsünkar təbiətini, gözəlliyini vəsf edib.

“Laçın-mənim üçün ucalıq rəmzidir. Uşaq vaxtı yay tətilində Laçına nənəmin, babamın yanına gedəndə o dolanbac dağ yoluna doğru, yüksəkliyə qalxdıqca qeyri -adi hisslər keçirdirdim. Elə bilirdim ki, buludlara əlim çatacaq. Sevinirdim. O sevinci yenidən yaşadım".

"Artıq əlimin buludlara çatacağına inanıram! Uşaqlıq xatirələrimi, dostlarımla gizlənpac oynamağımı, əllərimizi qıpqırmızı edən yaş qozu, bütün evlərin damlarına sərilən, hər yeri qirmızıya bürüyən zoğal turşusunu, böyürtkanı, almaları, İsgəndər dayımın  mənə özəl kababını, gözəl Gülnarə xalamı (qəbri Laçında qalıb) yenidən mənə qaytardılar. Bunu daha heç kimin almağa gücü çatmaz”.




Atası şair Malik Fərruxun da ruhunun şad olduğunu hiss etdiyini deyən aparıcı, bunun üçün çox xoşbəxt və qürurlu olduğunu vurğulayıb.

“Mən atam, şair Malik Fərruxun sevindiyini duyuram. Bəlkə inanmarsınız. Amma, doğurdan bütün qəlbimlə hiss edirəm ki, o da sevinir. Mən atamı Laçına bənzədirdim. Uca boy, yaraşıqlı Laçın oğlan idi. Elə də rəhmətə getdi. Dağların vüqarı var idi atamın simasında, şerləri isə o dağların gözəlliyi ilə nəfəs alırdı. O nəfəsini o yerlərdən alırdı. Dünyadan nakam köçməsini indi anlayıram. Yurd yuvasız çətindir. Allah heç vaxt daha bu hissləri bizə yaşatmasın. Çox xoşbəxtəm ki, baba yurdum Laçın Azərbaycanına qayıtdı. Bu belə də olmalıydı”.

G.Malikqızı bu sevinci ona yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza da sonsuz təşəkkürünü bildirərək, Azərbaycanın bu qələbəni illərlə gözlədiyini də qeyd edib.

“Ali Baş Komandan İlham Əliyev də bütün çıxışlarında dediyi kimi, Azərbaycan bu günə, bu qələbəyə hazırlaşırdı. Şanlı sərkərdəmizə, onun rəhbərlik etdiyi ordumuza minnət hissim bitməz tükənməzdir. Bizim tərəfin sözü var, bir insanın əməli o dağların əzəmətini, bulaqlarımızın saflığını, çəmənlərimizin mərhəmətindən ibarət olur. O insanların yurdu qayıtdı. Bu yaşadıqlarımız həm də bir millətə özünü qaytardı. Bax budur əsl Qələbə!”

Aparıcı vətən uğrunda canlarından keçən şəhidlərimizi bu sözlərlə yad edib.

“Şəhidlərimizin Laçın boyda sevgisi və kədəri ilə bir yerdə sevinməli olduq. Bu müharibənin açı həqiqətidir. Qələbə sevincimiz göz yaşlarımızdan güc alır. Biz bu Qələbəni çox gözləmişdik! Onu ağrısı ilə açısı ilə yaşamaq məcburiyyətindəyik. Azərbaycan xalqı yeni başlanğıca hazırdır. 44 gündə bunun şahidi olduq. Azərbaycanımızın daha gözəl günlərinə şahidlik edəcəyimizə inanıram. Laçında görüşənədək!”

Aparıcı sözlərini atası, şair Malik Fərruxun Laçın haqqında yazdığı “Qayıdış” şeiri ilə bitirdi.

Laçından Bakıya axan yolların,
İllərin dayanıb lap o başında,
Bir uşaq başaçıq, ayağıyalın,
Elə hey boylanır əli qaşında.

Hara boylanırsan,
bir vaxt gördüyün,
Sevdiyin yollardır, nə olub bəyəm.
Sənsən bu yolları, sən düyün-düyün
Düyüb, indi də ki, aça bilməyən.

Mənəm, sən asdığın tale sapında,
İncəlib o sapı geri sarıma.
Niyə ulduzları qoyub sapanda 
Fırlayıb çırpırsan yuxularıma.

Xatirə külçəsi kimi yuxum dağılır,
Sınıb cilik-cilik yerə tökülür;
Ordan torpaq olmuş sifətlər baxır,
Ordan çoxdan solmuş çiçəklər gülür...

Addımlar yolların həsrət qatları,
Bir vaxt gülə-gülə mənim qarşıma
Atdığın yollardır; açılıb gəlir,
Məni də gətirir, məni qarşıla...
Görürəm arzunun ağyal, ağsinə
Bir atda geriyə döndüyü günü,
Səninsə -
yolları yığıb köksünə
O atın ardınca yüyürdüyünü...

Görürəm, o qədər əziz yolları
Hey öpüb bağrına basdığın günü.
Yuyub göz yaşıyla mənsiz yolları
Atıb ulduzlardan asdığın günü.

O yol yelləndikcə o köhlən atda,
Biryolluq əridib həsrət buzunu,
Doğma dağlar üstə, o göylər altda 
Bir uşaq yellənər illər uzunu...

Malik Fərrux (“Ulduz” jurnalı, 1999-cu il)

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO