1 il öncə, təqvimin 2020-ci ilin məhz bu günlərini göstərdiyi vaxtlarda rəşadətli Azərbaycan ordusu Vətən savaşında düşmənə qarşı ardıcıl zəfərlər qazanırdı.
O zamanlar təhlükəsizlik məsələləri səbəbindən müharibədə baş verən bir sıra xoşagəlməz olaylar ictimaiyyətə açıq şəkildə elan edilmirdi. Xüsusilə də, rəsmi Bakıya “dost” və “müttəfiq” kimi xitab edib, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, saman altından su yeridən cənub qonşumuzun əməlləri indi, məhz 44 günlük savaşdakı uğurlarımızın ildönümü günlərində yavaş-yavaş üzə çıxmaqdadır.
Belə ki, İran tərəfinin müharibə günlərində Azərbaycana xəyanət edərək, ermənilərə verdiyi dəstəklə bağlı artıq bir neçə sensasion detal gün üzünə çıxıb:
1. “Kəşfiyyat qardaşlığı”. Oktyabrın 7-də ölkə mətbuatında yayılan xəbərlərdə, 44 günlük savaşın ilk günlərində, Azərbaycan ordusunun Cəbrayıl rayonunun İranla sərhədinə yaxın ərazilərində keçirdiyi hərbi əməliyyatlarda bölmələrimiz arasında informasiya axışını təmin edən rabitə kanalları “İslam ordusu” tərəfindən izlənilib. Daha sonra isə əldə olunan kəşfiyyat məlumatları Ermənistan tərəfinə ötürülüb.
2. “Narkotik tunellərindən daşınan silahlar”. İranın Ermənistana növbəti qardaş köməyi isə, Cəbrayıldan cənubda, Zəngilan ərazisindən, özüdə mütəmadi olaraq davam etdirilib.
Belə ki, işğal dönəmində Qarabağa narkotik və qaçaqmalçılıq trafikinin daha rahat aparılması üçün qazıldığı güman edilən tunellər aşkara çıxarılıb. Eyni zamanda Vətən Müharibəsi davam edərkən, həmin tunellərdən ermənilərə silah-sursat daşındığı da məlum olub.
Və...
3. İranın 44 günlük savaşda “dost” adlandırdığı ölkəmizə və vaxtaşırı “qardaş xalq” adlandırdığı millətimizə qarşı hələlik aşkara çıxan ən ağrılı xəyanəti isə, ötən il oktyabrın 18-də baş verib. Belə ki, xalqımızın cənubdakı soydaşlarımızla tarixi bağlılığının simvolu olan Xudafərin körpüsü düşmən tapdağından azad olunduqdan sonra ordumuz vaxt itirmədən Zəngilan istiqamətində hərəkətə keçib. Araz çayı boyunca cənuba irəliləmək üçün isə ən qısa marşrutla Xudafərin Elektrik Stansiyasının bəndinə doğru hərəkətə başlanılıb.
Nəzərə alsaq ki, ordumuzun irəlilədiyi istiqamətdə bir yanda hələ də erməni mövqeləri, digər yanda isə qonşu ölkənin əraziləri var idi, o zaman marşrutun qısa olsa belə, ən təhlükəlisi olduğunu görmək mümkündür.
Lakin...
İrəliləyən birliklərimiz Xudafərin SES-ə yaxınlaşdıqda gözlənilməz sürprizlə qarşılaşıb. Belə ki, bir neçə “pikap”la, əvvəlcədən yola düzülmüş beton baryerlərin ardında iran hərbçiləri dayanmaqda idi. Onlar “biz stansiyanın təhlükəsizliyini qorumaq üçün buradayıq”, - bəhanəsindən savayı, Azərbaycan ərazilərinə girmələri ilə bağlı heç bir əsaslı səbəb səsləndirməyiblər.
Belə olan halda isə, regionda növbəti konfliktin yaranmasına səbəb ola biləcək addımı atmaq istəməyən hərbçilərimiz 14 km məsafə qət edərək ilk öncə Cəbrayıl rayonunun Soltanlı kəndinə, daha sonra isə “E-002” magistral yolu ilə 20 km irəliləməyə məcbur qalıblar.
Təbii ki, İranın bu addımı Azərbaycan tərəfindən susqunluqla qarşılanmayıb. Belə ki, rəsmi Bakı diplomatik kanallarla Tehrana sərt xəbərdarlıq edib.
Xüsusilə də, Qarabağa silah daşıyan tırları yandırmaqla haqq savaşımıza ilk günlərdən dəstəyini nümayiş etdirən soydaşlarımızın kəskin reaksiyasından qorxan rəsmi Tehran geri addım atmağa məcbur olub. Bundan sonra İranın hərbi attaşesi Cavad Furutani hərbçilərimizin müşayiətilə hadisə yerinə ezam edilib və 1 günə yaxın davam edən danışıqlar İran “pikap”larının ərazimizi tərk etməsi ilə nəticələnib.
Ümumilikdə rəsmi Tehranın bu addımı, məhz birliklərimizin irəliləməsinin qarşısını almaq üçün planlı şəkildə atdığı isə şübhəsizdir.
İranın ərazilərimizə sözügedən müdaxiləsi, son 1 həftədə 44 günlük savaş ərzində rəsmi Tehran tərəfindən bizə qarşı törədildiyi üzə çıxan üçüncü xəyanət faktıdır. “Din qardaşlarımız”ın ölkəmizə qarşı bağışlanmaz hərəkətləri ilə bağlı yeni faktların üzə çıxıb-çıxmayacağını isə zaman göstərəcək.
Murad Əhmədov, Bizim.Media