Düzü, analitik və informativ saytın fəaliyyətə başlaması sentyabrın 27-nə planlaşdırılmırdı.
Sadəcə, II Qarabağ müharibəsinin başlaması informasiya savaşının da gücləndirilməli olduğunu zəruri edirdi.
Mövcud vəziyyətlə bağlı internetdən VPN ilə istifadə məhdudiyyətlərinə baxmayaraq Bizim.Media fəaliyyətə başladı və qısa zamanda geniş oxucu kütləsi toplaya bildik.
Müasir trendləri əsas tutaraq ənənəvi medianın sosial mediaya transferini təmin etmək, tele-radio elementlərini və digər texniki yenlikləri sayt üzərindən həyata keçirməklə daha əlçatımlı olmaq kimi bir vəzifəni də qarşımıza qoyduq.
Ən əlçatmaz yerlərdən reportajlar, ekslüziv açıqlamalar, kreativ yanaşlmalarla gündəmi formalaşdırmaq bacarığını özündə əks etdirmək Bizim.Medianın əsas istiqaməti oldu.
Bizim.Media mətbuatda istinad mədəniyyətini qorumağın tərəfdarıdır və bəlkə də belə müsbət işin populyarlaşmasının ilk səbəbkarlarındandır.
Öz işimizə II Qarabağ savaşının başlaması ilə start verdik deyə mübarizə əzmi o qədər ki, “newsroom”da ən çox eşidilən səs klaviaturanın düymələrinin basılmasıdır. Çalışanlar arasında uzun illər mətbuat və teleradio təcrübəsi görmüş jurnalistlər var.
Biz sizin nə önünüzdə, nə də arxanızda olmağı seçdik, biz sizinlə bərabər yürümək üçün bu yola çıxdıq. Gəlin, daha böyük zəfərlərə doğru birlikdə yürüyək! Ona görə də biz elə sizi də təbrik edirik, əziz oxucularımız. Sizli-bizli 1 yaşımız mübarək!
P.S. Sentyabrın 27-də fəaliyyətə başlamağımızın 1 yaşı tamam olsa da, daha çox Zəfər Savaşının bir illiyinə sevinir və Anım Günündə şəhidlərimizin əziz xatirəsini anmağa üstünlük verdik.
Bundan sonrakı hər gün bizim üçün bayram idi, çünki hər gün düşmən tapdağında olan bir parçamız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun rəşadəti ilə öz azadlığına qovuşurdu.
Bizim.Media