Faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti missiyanın yekunları ilə bağlı Gəncə şəhərində mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, konfransında əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb.
Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində məlumat verilib.
İƏT MDİHK sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Azərbaycana səfərin məqsədinin işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini adibələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanması olduğunu bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaq.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanmış sübutlar müzakirə edilib.
Konfransın sonunda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edilib.
Bizim.Media