“Azərbaycanın 92-93-cü illəri Ermənistanın indiki vəziyyətinə bənzəyirdi”

“Azərbaycanın 92-93-cü illəri Ermənistanın indiki vəziyyətinə bənzəyirdi”

Hazırda oxunan: “Azərbaycanın 92-93-cü illəri Ermənistanın indiki vəziyyətinə bənzəyirdi”

3574

Kəlbəcər artıq Azərbaycandır! Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqı təbrik edib. Gedən bütün proseslərdən söz açan Prezident, 1993-cü ildə Kəlbəcərin işğalı ilə bağlı bəzi məqamlara da toxunub. Çıxışı zamanı Prezident İlham Əliyev vaxtilə torpaqların işğalında birbaşa o dövrdə hakimiyyət olan Xalq cəbhəsi partiyasının səriştəsizlikdə günahlandırıb.

Prezidentin bu fikri ilə bağlı Bizim.Media-ya danışan deputatlar maraqlı fikirlər səsləndirib.

O dövrdə idarəçilikdə hərcmərcliyin hökm sürdüyünü deyən millət vəkili Razi Nurullayev bu proseslərin birbaşa ölkənin məhvinə apardığını vurğulayıb.

“Doğurdan da o illərdə bir çox xoşagəlməz hadisələr baş verdi. Dövlətçilik və idarəçilik sisteminin zəifliyi ölkədə xaosa səbəb oldu. Bu gün Ermənistanda baş verən hadisələr mənə o illərin Azərbaycanda baş verən prosesləri xatırladır. Orada da hazırda xaos, təcrübəsizlik, hərcmərclik hökm sürür.

Qeyd edim ki, o zaman sovetlər ittifaqı yenicə süqut etmişdi. Hansı ölkələrdə ki, köhnə idarəçilər hakimiyyətə gətirildi, orada müəyyən dərəcədə stabillik vardı. Lakin yeni qüvvələrin idarə etdiyi keçmiş sovetlər birliyi ölkələrində böyük faciələr baş verdi. Bu da sistemdə olan boşluqlar və səristəsizliklərlə birbaşa əlaqəli idi. Hazırda Ermənistanda baş verən hadisələr isə onların sonuna qədər bir millət kimi formalaşmamasının bariz nümunəsidir. Azərbaycanda isə o dövrdə zəif idarəçiliyin və dövlətçiliyin olmaması torpaqların itirilməsinə səbəb oldu”.

Millət vəkili Sahib Alıyev öz növbəsində bildirib ki, əslində bu gün biz işğalçı Ermənistanın təslim olmasına nəzər yetirdikdə, Kəlbəcərin hansı səbəblərlə işğal edildiyini görürük. Buna əsas səbəb, o zaman Azərbaycanı idarə edən hakimiyyət idi. Onların səriştəsizliyi, iradəsizliyi xalqı uçuruma sürüklədi: 

“Mən xatırlayıram ki, 1993-cü ildə Kəlbəcər işğal olunanda o zaman hakimiyyətdə olan bəzi insanlar sevinirdilər. Çünki onlar düşünürdülər ki, bu işğaldan sonra dünya ictimaiyyəti Ermənistanın bizim torpaqları işğal etdiklərini görəcəklər. Çox təssüf ki, burada da onlar reallığı görə bilmirdilər. Çünki onların dediyi dünya ictimaiyyəti, qərb ölkələri idi. Bu ölkələrin isə Qarabağda konfiliktin alovlanmasında, separatçılığın baş qaldırmasında bilavasitə iştirakı var idi. Bütün reallığı bilərək, bundan nəticə çıxarmamaq böyük bir səhv idi. Bu da o hakimiyyətin bütün proseslərdən nə dərəcədə xəbərsiz olduğunu ortaya qoyurdu. Bundan başqa o zaman Kəlbəcərin icra başçısı belə səriştəsiz, idarəçilikdən xəbərsiz bir şəxs idi. Ona görə də cənab Prezidentin hər bir fikri həqiqətdir”.

Xüsusən gənclərin baş verən son prosesləri diqqətlə izləməsinin vacibliyini vurğulayan millət vəkili, onların hər zaman Azərbaycan dövlətinin zəfər ilə fəxr etməli olduğunu deyib.

“Gənclərimiz tarixə baxıb örnək götürməlidirlər. Onlar bilməlidirlər ki, Azərbaycan dövləti qələbəni qazanmaq üçün hansı mərhələdən keçib. Gələcək nəsillərə bu təcrübə mütləq ötürülməlidir”,- deyə S.Aliyev fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO