“Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, cənab Prezident də iştirak edirdi orada, dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi”.
Bizim.Media xəbər verir ki, bu fikiləri Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxışı zamanı deyib.
“Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq.
Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik.
Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!”, deyə o, qeyd edib.
Bizim.Media