Əfqanıstanda yeni “era”: Azərbaycan Talibana qarşı hansı mövqeyi tutacaq?

Əfqanıstanda yeni “era”: Azərbaycan Talibana qarşı hansı mövqeyi tutacaq?

Hazırda oxunan: Əfqanıstanda yeni “era”: Azərbaycan Talibana qarşı hansı mövqeyi tutacaq?

32906

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi hal-hazırda bütün dünyada əsas müzakirə mövzularından birinə çevrilib. Ölkədə davam edən xaosun nə ilə nəticələnəcəyi isə qaranlıq olaraq qalmaqdadır. Lakin hərkəsi maraqlandıran bəzi suallar mövcuddur:

1. Talibanın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda hansı dəyişikliklər baş verəcək?

İlk öncə Əfqanıstan üçün Şəriət üsuli-idarəsinin bərqərar olacağını qeyd etmək olar. Bu isə hər kəsə onsuzda məlum idi. Lakin yeni dini rejimin ötən əsrin 90-cı illərində olduğu kimi tətbiq olunacağına inam elə də çox deyil. Məhz Taliban rəsmilərinin son açıqlamaları da qruplaşmanın əvvəlki radikallığından nisbətən uzaqlaşdığının əyani sübutudur. Bu isə xalqın gözündə yeni hökumətin nüfuzunu artıraraq, Talibanın qalıcı hakimiyyətini təmin edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər


2. Talibanın hakimiyyəti leqallıq qazanacaqmı?

Qeyd edək ki, qruplaşma əksər dövlətlər tərəfindən terrorçuluqda ittiham edilsə də, Taliban rəsmiləri ilə bir sıra ölkələrin nümayəndələri arasında, xüsusilə də, son dönəmlərdə sıx diplomatiya trafikinin olduğu da hər kəsə məlumdur. Həmin dövlətlərin də Talibanın hakimiyyətə gəlməsində mühüm rol oynadığı heç də sirr deyil. Yəqin ki, talibləri ölkənin ağasına çevirən güclər də Əfqanıstan kimi önəmli regionda söz sahibi olmaq üçün Talibanın hakimiyyətini tanıya bilərlər. 

Artıq bu istiqamətdə ilk siqnallar da görülməkdədir. Belə ki, dünya mediasında Pakistan hökumətinin Talibanı Əfqanıstanın leqal hakimi kimi tanıyacağı ilə bağlı xəbərlər dolaşmaqdadır.


3. Əfqanıstanın növbəti “xilaskarı” kim olacaq?

Talibanın hakimiyyətə gəlməsinin əsas səbəbi məhz ABŞ-ın ölkədən “qaçışı” idi. Lakin başıbəlalı Əfqanıstana yenidən xarici güclərin daxil olmasına inam böyükdür. Əfqanıstanın sərvətlərinə talib olmaq niyyətində ola biləcək ölkələrin sayı isə heç də az deyil. Əksər mütəxəssislər tərəfindən Rusiya, Çin və Pakistanın bu istiaqmətdə adı hallandırılır. Lakin Talibanın məhz Pakistanın birbaşa əlaltısı olduğunu nəzərə alsaq, İslamabadın lehinə olan durumu əlehinə çevirəcəyi o qədər də inandırıcı görünmür. 

Çin isə, Talibanla yaxşı əlaqələrə malikdir və uzun müddətdir ki, qruplaşmanın nəzarətində olan bölgələrdə fəaliyyətini davam etdirir. Nüfuzuna zərbə olacaq hər hansı xarici “əl”in bölgəyə uzanmayacağı təqdirdə Pekinin də Əfqanıstan bataqlığından uzaq duracağını güman etmək olar.
 

Lakin Kremlin vəziyyəti bir qədər fərqlidir. Belə ki, Rusiya artıq Əfqanıstanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirərək, “start”da gözlədiyinin ilkin siqnallarını verib.


Buna baxmayaraq, bir sıra mütəxəssislər Moskvanın SSRİ dönəmindəki acı təcrübəsindən dərs çıxararaq Əfqanıstana müdaxilə etməyəcəyinə inanırlar.

4. Nəhayət ki, Əfqanıstanda silahlar susacaqmı?

Təbii ki, bu suala cavab tapmaq o qədər də asan deyil. Lakin yaxın dövrdə Əfqanıstanda axan qanın durulacağı o qədər də inandırıcı görünmür. Çünki bölgədə fəaliyyət göstərən tək qruplaşma Taliban deyil. Belə ki, beynəlxalq təşkilatların açıqlamalarına görə, Əfqanıstanda irili-xırdalı 20-dən çox silahlı qruplaşma fəaliyyət göstərir. Onlardan əksəriyyəti isə Talibanla konflikt halındadır. Eyni zamanda həmin yaraqlıların bir çoxuna xaricdən ciddi dəstək göstərilir. Bu səbəbdən də, Talibanla istənilən narazılıq durumunda silahların yenidən işə düşəcəyi və bombaların partlayacağını proqnozlaşdırmaq mümkündür.

5. Azərbaycan Talibana qarşı hansı mövqeyi tutacaq?

Ölkəmizdə böyük maraqla gözlənilən bu sualın cavabı isə hələlik məlum deyil. Çünki Azərbaycanın bir sıra ölkələrdən fərqli olaraq, qruplaşma ilə heç bir əlaqəsi olmayıb.
 

Həmçinin Əfqanıstanla Azərbaycan arasında uğurlu münasibətlər də mövcuddur. Buna görə də, rəsmi Bakının hələlik gözləmə mövqeyini tutacağını güman etmək olar.


Lakin taliblər tərəfindən Əfqanıstandakı Azərbaycan sülhməramlı kontingentinə qarşı hər hansı təhlükə törədilməyəcəyi təqdirdə müəyyən münasibətlərin yaradılması mümkünsüz deyil. Eyni zamanda, Azərbaycanın müttəfiqi olan Pakistanın Talibanla yaxınlığı və qruplaşmanın Türkiyə ilə bağlı səsləndirdiyi müsbət fikirlər rəsmi Bakının da Əfqanıstanın yeni hökumətinə qarşı mövqeyinə təsir edə bilər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO