Türkiyənin Əfqanıstan planı – Ərdoğandan ÖNƏMLİ MESAJLAR

Türkiyənin Əfqanıstan planı – Ərdoğandan ÖNƏMLİ MESAJLAR

Hazırda oxunan: Türkiyənin Əfqanıstan planı – Ərdoğandan ÖNƏMLİ MESAJLAR

29215

Şimali Kipr Türk Respublikasında səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələrinə bir sıra önəmli açıqlamalar verib. Xüsusilə də, son günlərdə əsas müzakirə mövzularından biri olan rəsmi Ankaranın Əfqanıstandakı sülhməramlı missiyası haqqında ölkə başçısının səsləndirdiyi fikirlər daha çox diqqət çəkib.

Ən təəccüblü məqam isə, Ərdoğanın Türkiyəyə qarşı düşmən mövqe nümayiş etdirən xarici aktorlara qarşı hər zaman ortaya qoyduğu sərt ritorikasından uzaq mövqe sərgiləməsi olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın gözü Şimali Kipr Türk Cümhuriyyətində - Ərdoğandan mesaj gözləntisi


Türkiyə prezidentinin açıqlamaları isə Əfqanıstanla bağlı bir sıra qaranlıq mətləblərə aydınlıq gətirib:

1.    “Talibanla Əfqanıstandakı fəaliyyətimiz barəsində danışıqlar aparmağı düşünürük”.
Ərdoğan bu açıqlaması ilə bölgəyə savaşmaq üçün getmədiklərinin siqnalını verib. Türkiyə prezidenti sözügedən fikirləri səsləndirməklə, rəsmi Ankaranın bölgədə sülhü bərqarar etməyi hədəflədiyini nümayiş etdirib. Eyni zamanda, ölkə lideri Talibanın cihad xəbərdarlığına qarşı gözlənilənin əksinə mülayim mövqe sərgiləyib. Təbii ki, bu da başadüşüləndir. Çünki gözü qana bürünmüş taliblərə qarşı sərt çıxışlar etməklə ölkəsini münaqişənin içinə çəkmək Türkiyə üçün heç də əlverişli deyil.

2.    “Talibanla danışıqları uzun illərdir ABŞ da davam etdirirdi. Rəsmi Vaşinqtondan fərqli olaraq, bizim üçün taliblərlə dialoq qurmaq daha asandır. Çünki aramızda dini müxtəliflik mövcud deyil”. 

Qeyd olunan fikirlər isə, Ərdoğanın Türkiyənin Əfqanıstanda ABŞ-dan daha effektiv olacağına inamını əks etdirməklə yanaşı, Talibanın boynuna da böyük məsuliyyət yükləyib.

Yəni, özünü “İslamın qoruyucuları” kimi təqdim edən Taliban, “kafir” adlandırdığı ABŞ-la danışıqlar masasına oturmağı qəbul edibsə, rəsmi Ankaranın da oxşar təklifini qəbul etməyə borcludur.

3.    “Kabil aeroportuna uzun illərdir nəzarət edirik və qeyd olunan yöndə fəaliyyətimizi davam etdirəciyik”. Sözügedən açıqlama isə, Türkiyənin hərbi əməliyyatlarda Suriya və İraqda olduğu kimi birbaşa olaraq iştirak etməyəcəyinin mesajını verib. Yəni rəsmi Ankara NATO ila birlikdə 20 ilə yaxın müddətdir göstərdiyi fəaliyyətini bundan sonra təkbaşına davam etdirəcək.

4.    “Hal-hazırda bölgədə yeni reallıqlar var. Belə ki, Əfqanıstanda 3 əsas aktor mövcuddur – ABŞ, NATO və Türkiyə”. 

Qeyd olunan açıqlama isə, Türkiyəni bölgəyə gətirməklə əsas rəqibləri ilə qarşı-qarşıya qoymaq istəyən Qərbin qurduğu xəyalların ürəklərində qalması deməkdir.

Belə ki, Ərdoğan sözügedən fikirləri səsləndirməklə, Əfqanıstanda sadalanan 3 qüvvədən başqa heç bir xarici oyunçunun mövcudluğunu qəbul etmədiyini bildirib. Yəni Türkiyə liderinin açıqlaması rəsmi Ankaranın bölgəyə aktiv müdaxilə ehtimalı olan Rusiya, eyni zamanda uzun illərdir regionda əsas qüvvəyə çevrilən Çinlə hər hansı formada rəqabət aparmaq niyyətinin olmadığını açıq şəkildə ortaya qoyub.

5.    “Biz bölgədəki missiyamızı davam etdirməyə müsbət yanaşırıq. Lakin Türkiyənin ABŞ-dan bəzi tələbləri olacaq. Birincisi, danışıqlar masasında Ağ Ev bizim yanımızda mövqe tutacaq. İkincisi, bölgədəki logistik imkanlarını Türkiyə üçün səfərbər edəcək. Sonuncusu isə, Türkiyənin sülhməramlı fəaliyyətini davam etdirməsi üçün ciddi maliyyə dəstəyinə ehtiacı var. Bu səbəbdən də, Vaşinqton Ankaraya lazımi maddi yardımlar göstərəcək”.

Ərdoğanın yuxarıdakı açıqlaması isə, Türkiyənin Qərbin zənn etdiyi kimi ABŞ-ın əmri ilə hərəkət etmədiyini bir daha sübuta yetirib.

Artıq rəsmi Ankara, 1950-ci illərdə Qərbin təzyiqi ilə Koreya yarımadasında olduğu kimi hər hansı münaqişədə iştirak etməyəcək. Türkiyə prezidentinin qeyd olunan fikirləri isə, Türkiyənin özünün ABŞ-dan nələrisə tələb etmək iqtidarında olduğunu nümayiş etdirib. Eyni zamanda Əfqanıstanda Türkiyənin fəaliyyətinə ABŞ tərəfindən qeyd olunan dəstəyin verilməyəcəyi təqdirdə, rəsmi Ankara öz hərbiçilərini təhlükə qarşısında qoymayacaq. Yəni Türkiyəni Əfqanıstan bataqlığına çəkməklə onu zəiflətmək planını həyata keçirmək istəyən qüvvələr istədiklərinə nail ola bilməyəcəklər.

Ümumilikdə isə, Ərdoğanın sözügedən fikirləri səsləndirməsi türk xalqının Əfqanıstan narahatlığının da əsassız olduğunu nümayiş etdirib. Türkiyənin bölgədə SSRİ və Qərbin yürütdüyü siyasəti davam etdirərək uğursuzluğa düçar olacağını gözləyənlərin isə həsrəti hələ uzun illər davam edəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO