Ceyhun Osmanlı:

Ceyhun Osmanlı: "Putin deyir ki, Şuşanı vermək heç bir danışıqların mövzusu olmayıb"

Hazırda oxunan: Ceyhun Osmanlı: "Putin deyir ki, Şuşanı vermək heç bir danışıqların mövzusu olmayıb"

2921

Eks deputat, politoloq Ceyhun Osmanlı bu gün Rusiya prezidenti Valdimir Putinin “Rossiya 24” kanalına Qarabağla bağlı verdiyi açıqlamasına öz “Facebook” səhifəsində fikir bildirib.

Bizim.Media sözügedən statusu təqdim edir:

1. Putin deyir ki, Şuşanı vermək heç bir danışıqların mövzusu olmayıb.

(Belə çıxır ki, Şuşanın nə hərbi, nə siyasi yolla alınması ermənilərin, nə rusların ağlına da gəlmirmiş. Etiraf edək ki, hətta bir çox Azərbaycanlılar da bunu gözləmirdi. Ona görə də Şanlı Ordumuzun fədakarlığı, Ali Baş Komandanın isə bununla bağlı cəsarətli tapşırıqları hələ çox müzakirə ediləcək və qəhramanlıq filmlərinə mövzu olacaq).

2. Putin deyir ki, Azərbaycanlılar Şuşaya yaxınlaşanda hər 2 tərəflə danışdım amma Paşinyan dedi ki, müharibəyə davam edəcək. 

(Putin erməni cəmiyyətinə mesaj verir ki, Şuşanın getməsinə görə ATƏT-in Minsk Qrupu həmsədrlərini yox, öz baş nazirinizi günahlandırın).

3. Putin deyir ki, müharibə Azərbaycan ərazisində gedirdi. Sonra əlavə edir ki, Qondarma Dağlıq Qarabağ respublikasını heç kim tanımayıb. Sonra da əlavə edir ki, oranın yekun statusu tam razılaşdırılmayıb.

(Faktiki olaraq Putin deyir ki, ora nə Ermənistan ərazisi deyil, nə də müstəqil respublika deyil. Bu da O deməkdir ki, orada Bələdiyyə də yaradılsa vəya başqa bir format olsa da buranın hüquqi olaraq Azərbaycan ərazisi olacağının alternativi yoxdur).

4. Putin açıq mesaj verdi ki, bu regionda Rusiyayla hesablaşmamağın 1 addım sonrası Abxaziya, Osetiya və Krım formatıdır. 

(Bizim üçün çox acı da olsa Putin öz dili ilə bunu dedi. Putinin bu tərzdə danışmağı bizi xoşbəxt yox, məyus edir. Amma reallıq dəyişmir ki, O Rusiyanın prezidentidir. Mənə çox maraqlıdır ki, bunu izləyən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən hansı sabah efirə çıxıb deyəcək ki, xeyir ola güc nümayişi edirsən?!

Məhz bunu nəzərə alaraq belə bir Qordi düyününün içindən Azərbaycan ərazi itirmədən çıxırsa bu bir qəhrəmanlıqdır).

5. Putin deyir ki, regionda iqtisadi və sosial münasibətlərin formalaşması, baryerlərin aradan qalxması günün birində yekun münasibətlərin formalaşmasına gətirib çıxara bilər.

(Yəni yeni yaranmış imkanlar ermənilərin Azərbaycan daxilində yaşamasını mümkün etdikdə bu məsələ qarşılıqlı anlaşma ilə çözümə qovuşa bilər. Bu həm də bir ehtimaldır ki, oradakı ermənilər görəndə ki, Azərbaycanlı olmaq onlara daha çox imkanlar yaradır, özləri oturacaq elçi daşının üstündə. Məsələn dünən Füzulidən Şuşaya yol çəkilməsi üçün ilkin olaraq 50 milyon manat ayrılıb. Təbii ki, erməni də belə şeyləri görəndə bunu nəzərə alacaq).

6. Putin faktiki olaraq bu müharibənin səbəbkarı kimi günahı atdı SSRİ-nin boynuna və əksinə dedi ki, biz qan tökülməsinin qarşısını aldıq və əlavə etdi ki, müharibə Sizin üçün kino deyil. 

(Bu həm də o demək idi ki, illuziyalardan uzaq olun).

7. Kimsə gözləyirdisə Putin efirdə çıxıb deyəcək ki, belə mürəkkəb şəraitdə müharibənin başlamasını və davam etməsini necə səssiz izləyib, bunu gözləməyin. 

(Çünki Putin həm şəxsi maraqlarını, həm də dövlət sirrlərini efirdə paylaşmayacaq qədər təcrübəlidir).

8. Kimsə gözləyirdisə Putin efirdə çıxıb deyəcək ki, mən Ermənistanı yox, Azərbaycanı dəstəkləyirəm, bunu gözləməyin.

(Çünki Putin hər 2 ölkənin həm dövləti, həm də vətəndaşlarının gözündə nüfuzunu itirmək istəmir. Hər 2 ölkənin Rusiyada ciddi diasporu var. Ermənistanda isə Rusiyanın hərbi bazası var).

9. Kimsə gözləyirdisə Putin efirdə çıxıb deyəcək ki, mən Azərbaycanı yox, Ermənistanı dəstəkləyirəm, bunu da gözləməyin.

(Çünki Putin hər 2 ölkənin həm dövləti, həm də vətəndaşlarının gözündə nüfuzunu itirmək istəmir. Hər 2 ölkənin Rusiyada ciddi diasporu var. Azərbaycan müsəlmanları dünyəvidir. Putinin Azərbaycan kimi sekulyar və radikallıqdan uzaq güclü müsəlman partnyor ölkəyə ehtiyacı var. Türkiyəni işin üstünə gələndə həm də çox ehtiyacı var).

10. Türkiyə mövzusu Rusiya üçün önəmlidir. Putin dedi ki, Azərbaycana hərbi dəstək vermək Türkiyə və Azərbaycanın daxili işidir. Türkiyənin Azərbaycana birtərəfli qaydada dəstək verməsi, Azərbaycanın da bu dəstəyi qəbul etməsi normaldır. Türkiyə bununla beynəlxalq hüququ pozmur.

(Putin Rusiyanın sərhədlərində Türkiyənin nüfuzunu və rolunu dilə gətirir və qeyd edir ki, o bu vəziyyətə qarşı deyil, çünki regional əməkdaşlığı alqışlayır. Putin yaxın və uzaq gələcəkdə Türkiyəni itirmək istəmir. Türkiyə ilə Suriya, Liviya, Aralıq dənizi, Qara dənizdə bəzən dostlaşıb, bəzən gərginləşirlər. Bu dostluq və gərginlik Qarabağ məsələsində də təsirsiz ötüşmür. Önəmli bir reallıq da var ki, Türkiyə NATO ölkəsidir və hələlik oradan çıxmağa hazırlaşmır).

Bu çıxışı dinləyəndən sonra bir daha deyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin.
Eşq olsun hətta Putinin özünə qeyri-mümkün görünən uğurlara imza atan Müzəffər Şanlı Ordumuza və Ali Baş Komandanımıza!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO