Son zamanlar Bakıda taksi xidməti göstərən şirkətlərin fəaliyyətindən şikayətlərin ardı-arası kəsilmir. Taksi sürücülərinin xidməti və sərnişinləri ilə davranışları barədə qayda-qanun yaratmaq mümkün olmur. Bəzi taksi xidməti göstərən sürücülər qadın müştərilərə qeyri-etik davranışlar sərgiləyirlər. Taksi sürücüləri xidmət göstərdiyi müştərinin təhlükəsizliyinin qarantı olmaq əvəzinə, əxlaqsız hərəkət və ya davranışları ilə xanım müştəriləri narahat edirlər.
Analoji hadisə bu gün “Bolt” taksi şirkətinin sürücüsü tərəfindən edilib. Taksi sürücüsü gənc aktrisa Lalə Süleymanovaya qarşı qeyri-etik davranış nümayiş etdirib. Lalə Süleymanova sosial şəbəkələrdəki açıqlamasında sürücü tərəfindən seksual qısnamaya məruz qaldığını deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gənc aktrisa taksidə seksual hərəkətlərə məruz qalıb
Onun sözlərinə görə “Bolt” sürücüsü dəfələrlə arxaya dönərək, onun ayaqlarına və cinsiyyət orqanına toxunub.
Üstəlik, qəsdən telefonunu xanım müştərinin istiqamətinə çevirərək, ona göndərilən çılpaq fotoları qıza göstərməyə çalışıb. Bu vəziyyətdən qurtulan xanım müştəri başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və sürücünün cəzalandırılmasını tələb edib.
Davamı gələn bu cür olayların qarşısını necə almaq olar?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Bizim.Media-ya açıqlamasında problemin yeganə həllində əxlaqsızlığa yol verən taksi sürücülərinin cəzalandırılmasını, ictimai qınağa verilməsini və digər şirkətlərə işə götürülməməsini məqsədəuyğun hesab edir:
“Bu cür olaylar təkçə “Bolt” taksi şirkətində deyil, digər ictmai nəqliyyat növlərində, küçədə, dayanacaqda, parkda belə baş verir. Təbii ki, bunun qarşısının alınması yolları şikayətçilərdədir və əxlaqsızlıq edən adamların cəzalandırılmasıdır. İndiki dönəmdə sosial şəbəkələr vasitəsilə bu cür məsələlərin yayılması və ictimai məzəmmətin olması digərlərinə də dərs olur”.
Deputatın fikrincə, hər bir taksi sürücüsü xidmətlə yanaşı müştərisinin təhlükəsizliyini qorumalıdır:
“Bu həm də taksi şirkətlərinin məsuliyyətidir. Bu cür insanlar olacaqsa, işdən kənarlaşdırılmalıdır və adları mərkəzləşdirilmiş qaydada olmalıdır ki, onları heç kəs işə götürməsin. Bu gün taksi şirkətləri çoxdur. Ciddi araşdırma etmədən, taksi daşıyıcılığı ilə məşğul olmaları üçün imtiyaz verilir. Belə bir çoxluqda isə sərnişinlərin təhlükəsizliyi və konfortu ikinci plana keçir. Amma faktdır ki, nə qədər insan taksi fəaliyyətindən çörəkpulu qazanır. Bu fəaliyyət məhdudlaşdırılanda və ya qarşılarına hansısa tələb qoyulanda minlərlə insanın işini itirməsi anlamına gəlir. Əslində hökumət də qəti addımlara gedə bilmir. Yeganə yol hüquq mühafizə orqanlarının müdaxiləsi və ictimai qınaqdır”.
MÖVZU İLƏ BAĞLI:
“Bolt”un xəritəsində ƏXLAQSIZLIQ – Kim nəzarət etməlidir? – FOTOFAKT
Qeyd edək ki, “Bolt” taksi xidmətnin elektron xəritəsində bəzi ünvanlar nalayiq ifadələrlə göstərilir.
Bu əslində şirkətin digər xidmətlərinə məxsus xəritələrdə də üzə çıxır. Tətbiqdə gediləcək ünvan yerinə qeyri-etik ifadələr yazdıqda, real ünvanlar çıxır.
Alçina Amilqızı, Bizim.Media