1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayəti" haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilib. Bolşeviklər, rus-erməni birliyi Azərbaycan torpaqlarının bütövlüyünü istəmirdi. Amma Kreml bu dəfə Bakının təqdim etdiyi reallıqlarla barışacaq və 5 il ərzində missiyanın məsuliyyət zonasına aid Xankəndi və başqa ərazilər Azərbaycan qanunvericiliyinə keçəcək?
“Məsələyə təxminən 100 ilə yaxın müddət ərzində Rusiyanın Cənubi Qafqaz respublikaları ilə münasibətlərində yaşanan reallıqlar baxımından yanaşmaq və qiymət vermək lazımdır. I Dünya muharibəsinin “Antanta”nın qələbəsi ilə başa çatmasından sonra Qərb Cənubi Qafqazda yaşanan proseslərə kifayət qədər fəal müdaxilə edə bilmədi”
Bizim.Media ilə dialoqa bu sözlərlə başlayan politoloq Elşən Manafov açıqlamasının ardında qeyd etdi ki, həmin vaxtlarda Sovet Rusiyası ilə Türkiyə arasında təhlükəsizlik, imperializmə qarşı savaşda üst-üstə düşən maraqlar Qərbin bölgədəki proseslərə fəal müdaxiləsinin qarşısını əngəllədi:
“Rusiya Cənubi Qafqaz respublikalarında mövqeyini bir tərəfdən daxili sosial, iqtisadi, siyasi amillərin hesabına, digər tərəfdən isə Atatürk Türkiyəsinin hüquqi və siyasi dəstəyi ilə həyata keçirirdi. Moskva və Qars razılıqları bunun bariz nümunəsidir. Prezident İlham Əliyev də Azərbaycan və Türkiyə arasında əldə edilmiş Şuşa razılıqlarını məhz Qars müqaviləsi ilə müqayisə etdi. Əslində bu, Şuşa bəyannaməsini AXC və Osmanlı arasında 1918-ci ildə əldə edilmiş Batum muqaviləsi ilə eyniləşdirənlərə bir mesaj, işarə kimi qəbul olunmalıdır”.
Politoloqun fikrincə, Şuşa bəyannaməsi həm də regionda sülhə, sabitliyə mane ola biləcək qüvvələrin zərərsizləşdirilməsinə yönəldilib:
“Zamanında Lenin Qafqazın iqtisadi fəthi, onun siyasi fəthindən xeyli əvvəl başlamışdı deyəndə haqlıydı. Azərbaycanın Ermənistana qarşı apardığı muharibə ədalətli savaş olsa da, transmilli şirkətlərin bu savaşda maraqlarını sezməmək mümkün deyildi. Bu mənada müharibə bölgədə yeni geosiyasi reallıqların yaranmasına səbəb olmaqla yanaşı, region dövlətləri arasında yeni tipli münasibətlərin formalaşmasına öz töhfəsini verəcək. Nəqliyyat kommunikasiya xətlərinin açılması ilə regionun tranzit baxımından rentabelliyi güclənəcək, regional və qeyri regional dövlətlər bölgədə başlanmış infrastruktur işlərinə qoşulmaq uğrunda tender mübahisələrinə qatılacaqlar. Bu isə həm də investisiya axınıdır. Yeni iş yerlərinin açılması savaşdan sonra bölgəki sosial gərginliyin də səngiməsidir.
Deməli, yeni bazarlar uğrunda iqtisadi rəqabət növbəti mərhələyə daxil olacaq ki, bu da hərbi qarşıdurmanı muəyyən vaxta qədər arxa plana atır”.
Politoloqun sözlərindən belə anlaşılır ki, Qarabağ və Zəngəzur regional və qlobal iqtisadi layihələr üçün meydana çevriləcək. İqtisadi tərəqqi meydanında isə savaşa yer yoxdur.
Yəni, qazanc naminə Rusiya 100 il öncəki parçalama planlarını təxirə salacaq, ermənilərin “status” məsələsinə dəstək verməyəcək və Azərbaycan öz ərazi bütövlüyü ilə müxtəlif beynəlxalq layihələrə ev sahibliyi edəcək.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:15 / 07.07.2021
Sovetdən qalma “status” - 98 il əvvəlki hadisənin real SİYASİ PORTRETİ
Hazırda oxunan: Sovetdən qalma “status” - 98 il əvvəlki hadisənin real SİYASİ PORTRETİ
Hazırda oxunan: Sovetdən qalma “status” - 98 il əvvəlki hadisənin real SİYASİ PORTRETİ
27746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.