“Deməli iyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Volodinin növbəti cümləsi də maraqlıdır:
“Bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi təmil ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində politoloq Elxan Şahinoğlu yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir” – Dövlət Dumasının spikeri
Politoloq şərhində başqa məsələlərə də toxunub ki, Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib:
“Azərbaycan və Pakistan”.
Leonid Kalaşnikovun sözlərinə görə, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər:
“Azərbaycan rəsmilərinin məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib?
Əgər belə bir müraciət olubsa bunun hansı zərurətdən yarandığı izah edilməlidir. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm.
KTMT Rusiyanın yaratdığı amorf (qeyri-müəyyən) bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarşımadı, qarışa da bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər.
Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək. Rusiya ərazimizə atılan “İsgəndər – M” raketlərinin izahını da vermədi.
Bütün bunlar varkən, təşkilata müşahidəçi statusuyla niyə qatılaq ki? Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi” də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diqtə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?”
Politoloqun fikrincə, Azərbaycan hakimiyyəti içərisində KTMT-yə yaxınlaşmaq siyasətini dəstəkləyənlərin olduğu istisna olunmur:
“Prezident İlham Əliyev beynəlxalq tədbirlərdən birində rusiyalı jurnalistin mövzuyla bağlı sualına cavab verərkən nöqtə qoydu: “Azərbaycanın hərbi bloklara qoşulmaq planı yoxdur”.
Elxan Şahinoğlu sonda bu planın dəyişmədiyinə inanmaq istədiyini qeyd edib.
Bizim.Media