Əfqanıstanda sülh planı - Türkiyə Talibanla BAŞ-BAŞA

Əfqanıstanda sülh planı - Türkiyə Talibanla BAŞ-BAŞA

Hazırda oxunan: Əfqanıstanda sülh planı - Türkiyə Talibanla BAŞ-BAŞA

27617

Son günlərdə dünya mediasında yayılan xəbərlərdə, Talibanın rəsmi Kabillə danışıqlara hazırlaşdığı qeyd olunub. Sözügedən məlumatlarda qruplaşmanın sülh planı ilə hökumətə müraciət edəcəyi bildirilib. Ölkədə uzun illərdir davam edən xaosun ardından bu cür informasiyaların gəlməsi isə bölgənin gələcəyi ilə bağlı nikbin proqnozların yaranmasına səbəb olub. 

ABŞ-ın qüvvələrini Əfqanıstandan geri çəkməyə başlamasının ardından, tərk edilən bölgələrdə Talibanın yerləşdiyi müşahidə olunur. Get-gedə gücünün artması isə Əfqanıstanda qruplaşmanın yenidən hakimiyyətə gəlməsi ehtimallarını ciddi şəkildə artırıb. Qeyd edək ki, Birləşmiş Ştatların uğursuzluğundan sonra, Rusiyadan da Əfqanıstana daxil olmaq planlarının olmadığını bildirən açıqlama gəldi.

Meydan Türkiyəyə qaldı

Böyük güclərin ölkədən uzaq qaçmasının ardından əvvəldən bəlli olduğu kimi, Əfqanıstanda sülh missiyasını həyata keçirmək vəzifəsi məhz Türkiyəyə verilib. İndi isə, hər kəsi maraqlandıran əsas məqamlar rəsmi Ankaranın bölgədə hansı siyasəti yürüdəcəyi və Talibanın buna reaksiyasının necə olacağıdır.

Təbii ki, keçmiş SSRİ və ABŞ-dan fərqli olaraq, Türkiyənin işğal məqsədilə regiona gəlmədiyi məlumdur. Həmçinin əvvəlki “sülhməramlılar”dan fərqli olaraq, yenilərin ortaq dini baxışlara malik olması Talibanın necə reaksiya verəcəyini əvvəlcədən proqnozlaşdırmağı bir qədər çətinləşdirib. Vəziyyəti daha da qəlizləşdirən digər önəmli faktor isə Pakistandır. Belə ki, rəsmi İslamabadın Talibana olan dəstəyi heç kəsə sirr deyil.

Yüksək səviyyədə olan Türkiyə-Pakistan münasibətlərini də sadalananların üzərinə gəldikdə situasiya daha da çıxılmaz vəziyyət alır.

Lakin hazırki vəziyyətdə ən böyük ehtimal vəziyyətin stabilləşəcəyi yönündədir. Belə ki, qarşıdakı günlərdə Talibanın daha çox əraziləri ələ keçirməsi real görünür. Türk hərbiçilərin bölgəyə gəlməsindən sonra isə qruplaşmanın irəliləməsi yavaşlayacaq. Lakin onsuzda parçalanmış vəziyyətdə olan ölkədə uzunmüddətli sülhün bərpası üçün danışıqların aparılması vacib əhəmiyyətə malikdir. Rəsmi Ankaranın bölgədə varlığının əsas səbəbi hər nə qədər vacib infrastruktur obyektlərini qorumaq olsa da, sözügedən vəzifənin həyata keçirilməsi üçün ölkədə sabitliyin təmin olunması vacib şərtdir. 

İslam dini bu dəfə barışdıracaqmı?

Türkiyənin bölgədə fəallığı isə, Kabil hökuməti ilə Taliban arasında danışıqlarda vasitəçilik missiyasını kimin yerinə yetirəcəyini də aydınlaşdırıb. Türkiyəni uğurlu vasitəçi edən faktorlardan ən əsası isə, Talibanın qatı dini baxışlarına sadiq olması və bu səbəbdən digər ölkələrdən fərqli olaraq rəsmi Ankaraya qarşı nisbətən mülayim mövqedən yanaşmasıdır. Eyni zamanda, regionun ciddi təsir “rıçak”larına malik digər aktoru olan Pakistanla Türkiyə arasında olan dostluq münasibətləri də rəsmi Ankaranın sözügedən missiyanı uğurla həyata keçirməsi ehtimallarını artırır.

Lakin ölkədə sülhün təmin olunması üçün aparılacaq danışıqlarda hər iki tərəfin öz maraqlarından güzəştə getməsi vacibdir.

Belə ki, Talibanın əlinin daha güclü olmasına baxamayaraq, həm Türkiyənin, həm də rəsmi Kabilin hazırki vəziyyətdə hakimiyyəti qruplaşmaya güzəştə gedəcəyi heç cür ehtimal oluna bilməz. Bu səbəbdən də, Talibanın bəzi radikal ideyalarından imtina edərək, hökumətdə təmsil olunması daha real görünür.

Beləliklə, uzun illərdən sonra ilk dəfə məhz Türkiyənin dəstəyi ilə Əfqanıstanda sülhün bərpası yönündə ciddi addımlar atılacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO