Qədim Qəbələdəyik: Güclənib birləşməyək, birləşib güclənək!

Qədim Qəbələdəyik: Güclənib birləşməyək, birləşib güclənək!

Hazırda oxunan: Qədim Qəbələdəyik: Güclənib birləşməyək, birləşib güclənək!

274393

Sahil Tahirli yazır...

Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dövlətlərinin artıq qlobal arenada vacib aktora çevirildiyini bir daha təsdiqlədi.
 

Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər üzərində inkişaf edən TDT-nın artıq ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması, nüfuzunun artması bütün dünyanın diqqət mərkəzindədir. Və bu amil müasir kələkötür dünya düzənində ayaqda qalmaq üçün olduqca vacibdir. Demək olar ki, hər gün yaşayıb gördüyümüz, ağrısını hiss etdiyimiz beynəlxalq münaqişələr elə beynəlxalq hüququn necə ayaqlar altına atıldığını, heçə sayıldığını təsdiq edir.


Xüsusən, biz isə bu mexanizmin 30 il işləmədiyinin, torpaqlarımızın işğalda saxlanıldığının da şahidi və iştirakçısı olmuşuq. Elə məhz buna görə də həyat və zaman tələb və diqtə edir ki, güclənib birləşməyin yox, birləşib güclənməyin tam vaxtıdır və Prezident İlham Əliyevin liderliyində Azərbaycanın qədim Qəbələ şəhərində-Qafqaz Albaniyasının paytaxtında bu gün dünyaya verilən mesaj da xüsusi əhəmiyyət daşıyır:

 “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb.

Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”. Vahid güc, vahid inkişaf, vahid mübarizə Prezident İlham Əliyevin qısa və məzmunlu çıxışı həm də TDT-nın gələcək inkişafı və güclənməsi üçün mühüm bir fəaliyyət proqramı idi. Hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu vurğulayan dövlətimizin başçısı qardaş Türkiyə ilə illərdir keçirilən və uğurla nəticələnən hərbi təlimlərin (Dinamika yüksəkdir: son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib) bütün türk dövlətləri səviyyəsinə daşınması niyyətindədir və bu amil gələcək güc birliyi üçün olduqca vacibdir.
 

Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi də məhz vahid güc, vahid inkişaf, vahid mübarizə, sülh və təhlükəsizlik formuluna əsaslanır. Türk dövlətləri həm də təbii resurslar, nəqliyyat-logistika sahəsində böyük imkanlara malikdirlər və bu imkanların səfərbər edilib müştərək dəyərləndirilməsi maddi imkan və gəlirlərin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrası ilə şərtlənir.


Nəzərə alaq ki, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi:

- 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb; - Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Zəngəzur dəhlizi: yeni nəqliyyat arteriyası

Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. İki ay əvvəl Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Hazırda Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində də iş gedir. Azərbaycan, həmçinin, günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir;

- 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək;

-TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. TDT hadisələrin inkişafına yön verməlidir Ümumilikdə, atılan addımlar, bu gün imzalanan “Zirvə Görüşünün Yekun Bəyannaməsi” Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Təbii ki, günün real mənzərəsi onu göstərir ki, TDT hadisələrin gedişinə uyğun davranmaqdan çox, getdikcə daha da güclənməli və hadisələrin inkişafına yön verməlidir. Zəngəzur dəhlizinin açılması ilə yaranacaq coğrafi bütövlük inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlığı, dostluq və qardaşlığı daha da dərinləşdirmək fürsətidir. Həmçinin, Zəngəzur dəhlizi ilə bərabər, Orta dəhlizin də imkanlarının artırılması, eyni zamanda bu marşrut xəttləri üzərində siyasi, iqtisadi, hətta hərbi balansın həmişə bizim xeyirimizə inkişafı diqqətdə saxlanılmalıdır.

Bu mənada, əminliklə demək olar ki, 12-ci Zirvə görüşü tarixi bir görüşdür və gözləntiləri doğruldacaq. Bu arada, 12-ci zirvə görüşünün liderləri Türkmənistan tərəfindən Füzulidə tikiləcək yeni məscidin də təməlini qoydular. Türk dünyamıza xeyirli olsun! (media25.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO