Balakəndə iki dildə təlim aparan uşaq bağçası fəaliyyət göstərəcək.
Rayonun ucqar İtitala kənd Manaf Umuxanov adına körpələr evi-uşaq bağçasının təməli 1987-ci ildə qoyulub. Burada təlim-tərbiyə iki-Azərbaycan və gürcü dillərində aparılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bağça 1988-ci ildə istifadəyə verilib. 2019-cu ildə cari, 2025-ci ildə əsaslı təmir olunub.
Bağça bu gün müasir tələblərə cavab verən infrastrukturla uşaqların istifadəsinə verilib. İtitala körpələr evi-uşaq bağçası 55 yerlikdir.
Biri gürcü, ikisi Azərbaycan dili üzrə olmaqla üç qrup fəaliyyət göstərir. Ümumilikdə 41 uşaq təlim-tərbiyə və təhsilə cəlb olunur. Bağçaya qəbul 2 yaşdan başlayır. Hal-hazırda müəssisədə iki körpələr qrupu (2-3 yaş) və bir böyük qrup (4-5 yaş) mövcuddur.
Azsaylı xalqların dil, din, təhsil və mədəniyyətinin inkişafına hər zaman dəstək olan dövlətimiz ucqar İtitala kəndində bütün infrasturukturu yaradıb. Burada insanların sosial qayğıları hər zaman diqqətdə saxlanılır. Kənddə müasir məktəb kompleksi, mədəniyyət evi fəaliyyət göstərir, eləcə də digər bütün infrasturuktur yenidən qurulub.
İtitala “Nənələr” folklor qrupu rayon və bölgənin eləcə də respublikanın əksər müsabiqə və festivallarının iştirakçısıdır. Bu folklor qrup Şuşada təşkil edilən birinci festivalın da iştirakçılarındandır.
Fəaliyyətinə təkan verilən körpələr evi-uşaq bağçasının da yetirmələri məhz buradan ilhamlanır, öz mili-mədəni adət-ənələrinə sahib çıxır, dil və folklorlarını inkişaf etdirirlər.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu