Xəbər verdiyimiz kimi, dünən baş tutan İstanbul danışıqlarının üçüncü raundunda Ukrayna tərəfi avqustun sonuna qədər hər iki ölkə liderləri-Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirilməsini təklif edib.
Bu barədə məlumat verən Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov deyib ki, məhz belə bir görüş real siyasi irəliləyişə gətirib çıxara bilər.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bildirib ki, liderlər səviyyəsində görüşdən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.
Qeyd edək ki, rəsmi Kiyev əvvəllər də Zelenski ilə Putinin görüşündə maraqlı olduqlarını bəyan edib.
Lakin hər dəfə Moskva məsələyə mənfi münasibət sərgiləyib.
Buna baxmayaraq, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın Putinə 50 günlük möhlət verməsi fonunda yenə də belə bir görüşün olmasında israr edir.
Görəsən, Kiyev nədən avqustun sonlarında liderlərin görüşünün baş tutmasında maraqlıdır? Kreml nəhayət ki, buna razılıq verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, rəsmi Kiyev bu təkliflə əslində Trampın Rusiyaya verdiyi 50 günlük ultimatum çərçivəsində fəaliyyət göstərdiyini nümayiş etdirir:
“Həmin 50 günlük möhlət avqust ayının sonunda bitir.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində cəhbədə əsas hadisələr yayda baş verir”.
Ekspert qeyd edir ki, bu mənada yayın sonunda liderlərin görüşünü keçirmək, atəşkəs elan edilərsə, bu vaxta qədər kim hansı mövqedə dayanacaqsa, həmin mövqedə də qalacaqları anlamına gəlir:
“Kiyev bu addımla yenə də göstərir ki, danışıqlara, atəşkəsi rəsmiləşdirməyə hazırdır.
Amma Rusiya atəşkəsə razı deyil. Kreml daha çox öz geosiyasi şərtlərini irəli sürür. ABŞ isə sadəcə olaraq, atəşkəs istəyir. Bu fonda rəsmi Kiyevin həmin təklifi birbaşa olaraq Trampın baxışlarına uyğun olduğunun nümayişidir”.
Rüfət Sultan, Bizim.Media