İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
50 nəfərdən çox qonağın olduğu toylarda COVID-19 pasportu tələb olunacaq
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.
Suallar olduğu təqdirdə 9108 nömrəli qaynar xəttə müraciət oluna bilər.
Bizim.Media