“600 dollarlıq dronla 7 milyard dollarlıq zərər. Bunu adətən filmlərdə izləmişik. Elə ötən bazar baş verənlərin filmdən çox da fərqi yox idi. Ukrayna iyunun 1-ni Rusiya üçün kabusa çevirdi. Bir gündə 100-dən çox dronla Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələrini məhv etdi. “Hörümçək toru” adı verilən əməliyyatın səsi Ukraynadan 8 min km uzaqdakı Amur vilayətində də eşidildi. Bundan sonra isə Krım körpüsündə partlayışlar qeydə alındı. Ukraynalılar heyrətamiz şəkildə sübut etdilər ki, gözləməyi, sonra zərbə endirməyi bacarırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun Xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, Rusiya özünü sındırmır, hücumların əksəriyyətinin dəf edildiyini açıqlayır, amma bu, Rusiyanın hərbi imicini bərpa etməyə kifayət deyil:
“Kremldə bir çaxnaşma var: növbəti gözlənilməz zərbə hara və necə ola bilər? Maraqlıdır ki, Tramp Ukraynanın hücumlarını güclü və sərt adlandırıb. “Axios” saytının etibarlı mənbəyə istinadən iddiasıdır.
Yəni ABŞ prezidenti deyəsən Ukraynaya yaşıl işıq yandırır. Amma o bunun sülh səylərini poza biləcəyindən də narahatdır. Tramp isə özünü heç nədən xəbərsiz kimi aparır. Hər halda Putinlə telefon danışığında belə deyib. Moskva isə Ukraynaya cavab verməlidir.
Dünya bunu gözləyir. Moskva o cavabı Ukrayna şəhərlərinə hava hücumları ilə verir. Ukraynada isə Rusiyadan gələcək növbəti “Oreşnik”i gözləyirlər. Rusiyanın Ukraynaya cavabını nə dərəcədə effektiv olacağı hələlik sualdır. Hər bir halda Ukrayna hərb tarixinə adını yazdırmağı bacardı.
Hazırda dünya hərb texnologiyası o dərəcəyə çatıb ki, kiçik bir cihazla böyük işlər görmək mümkündür.
Qərb mediası bu əməliyyatı belə adandırır - Ukrayna bütün dünya üçün müharibə qaydalarını yenidən yazdı”.
Daha ətraflı videomaterialda:
Bizim.Media