Ukraynadakı müharibənin dördüncü ilində, artıq bütün maskalar düşdükdən sonra cənab Duqinin söylədikləri Rusiya Federasiyası hakimiyyətinin ümumi fikrini əks etdirir.
Bizim.Media xəbər verir ki, bunu minval.az-a açıqlamasında qazaxıstanlı publisist Arman Şorayev Rusiya təbliğatçısı Aleksandr Duqinin SSRİ-nin bərpasına dair təxribatçı bəyanatlarını şərh edərkən deyib.
Duqin açıq şəkildə bəyan edir ki, Ukraynaya qarşı müharibə yeni Rusiya imperiyasının qurulmasının açarıdır. Onun fikrincə, bu “müharibədən” sonra bütün postsovet məkanını fövqəlmilli makrodövlətə çevirmək lazımdır.
“Bir deyim var: imperiyanın sonu yaxınlaşdıqca qanunlar daha da dəli olur. Mən isə deyərdim: bu dövrdə gündəmi müəyyən edənlərin özü daha dəli olur. Əslində, əgər hər şeyi öz adları ilə çağırsaq, Ukraynanın Rusiyaya qarşı qazandığı qələbə təkcə Ukraynanın yox, Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın, Özbəkistanın və digər postsovet ölkələrinin də qələbəsi olacaq. Ona görə də biz hamımız, həm sözlə, həm də əməllə Ukraynanı Rusiyanın imperiya ambisiyalarına qarşı mübarizəsində dəstəkləməliyik,” — deyə Şorayev bildirib.
Onun sözlərinə görə, Rusiyanın mövcud tərkibdə dövlət, federasiya kimi yaşaya bilməyəcəyi artıq aydındır: “Çünki ölkə daxilində mərkəzdənqaçma meylləri güclənməkdədir.”
“Biz bunu Dağıstanda baş verən hadisələrdən görürük, yaxın zamanlarda bunu digər Qafqaz respublikalarında – İnquşetiya, Çeçenistan və s. – da görəcəyik. Hətta ilhaq edilmiş tanınmamış muxtariyyətlər – Cənubi Osetiya və Abxaziya – da artıq rus gündəmini qəbul etməməyə çalışırlar və bu, Rusiya daxilində ciddi problemlərə səbəb olur,” — deyə o əlavə edib.
Şorayev hesab edir ki, Rusiya hakimiyyəti düşünür ki, əgər Ukraynanı ram edə bilsələr, “ardınca şərti olaraq Qazaxıstanı, Azərbaycanı və Ermənistanı da ram edib Rusiya Federasiyasını bu formada daha yüz il yaşada bilərlər.”
“Bu kontekstdə biz birlik nümayiş etdirməliyik və bu, artıq baş verir. Bu, Böyük Turan ideyasıdır ki, özü də Rusiya daxilində – Tatarıstan, Başqırdıstan, Yakutiya, Qaraçay-Çərkəz kimi muxtar və yarımmuxtar regionlarda dəstəklənir,” — deyə Şorayev vurğulayıb.
“Bu, çox böyük bir gücə çevriləcək və Rusiya hakimiyyəti bunu böyük təhlükə və təhdid kimi görür. Bu səbəbdən də onlar bunun əksinə olaraq Sovet imperiyasını bərpa ideyasını irəli sürürlər. Amma son 30 ildən artıq müddətdə keçmiş SSRİ respublikalarında milli özünüdərk artıq kritik həddi keçib və bu gün Rusiyanın bu planlarını həyata keçirməsi çox çətindir. Halbuki Kreml buna nail olmaq üçün müxtəlif ‘yumşaq güc’ üsullarından istifadə edir – Rossotrudniçestvo, “Sputnik”, “Rus Evi” vasitəsilə Rusiya təbliğatını və informasiya gündəmini yayırlar. Burada, təbii ki, biz Azərbaycanın atdığı cəsarətli addımı nümunə götürməliyik. Bakıda “Rus Evi” adlı təbliğat mərkəzi bağlandı. Biz də buna qarşı mübarizə aparmalıyıq. Təəssüf ki, Qazaxıstanda bu baş vermir. Amma cənab Duqinin və onun kimilərin arzuları sadəcə xəyal olaraq qalacaq. Əslində, Rusiya Federasiyasının dağılması uzaqda deyil. Ümid edirəm ki, hər bir postsovet respublikası rus təbliğatının və imperiya ambisiyalarının tabutuna öz mismarını vuracaq,” — deyə Şorayev fikirlərini yekunlaşdırıb.
Bizim.Media