Adətən pomidoru daha təzə qalması və xarab olmaması üçün soyuducuda saxlayırıq.
Lakin Britaniyalı aşpaz və qida mütəxəssisi Reyçel izah edib ki, bu tərəvəzi soyuducuya
qoymaq onun tez xarab olmasına səbəb olur.
Bizim.Media xəbər verir ki, mütəxəssisin fikrincə, pomidor saxlama şəraitinə düzgün əməl edilərsə, daha təzə qala bilər. Bunun üçün isə onu soyuducuya qoymağa ehtiyac yoxdur.
Qida mütəxəssisi qeyd edib ki, pomidorlar mağazadan gətirildikdən dərhal sonra soyuducuya qoyularsa, dadını itirir. Pomidorların dad və tekstura qazanması üçün bir qədər vaxta ehtiyacı var və evə ilk dəfə gətirildikdə onlar adətən hələ tam yetişməmiş olurlar. Aşağı temperatur səbəbindən isə pomidor yetişməyi dayandırır və zədələnir, nəticədə isə solğun, yumşaq hal alır.
“Soyuducuda saxlamayın. Heç kim yarıyetişmiş pomidor yemək istəməz. Sərin temperatur yetişmə prosesini ləngidir və pomidorların soyuducuda saxlanması demək olar ki, onların heç vaxt yetişməyəcəyinə zəmanət verir”, — deyə mütəxəssis xəbərdarlıq edib.
Bizim.Media