Mayın 19-da ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İki saat çəkən telefon danışığında sonra hansısa məsələ üzrə konkret nəticə elan olunmayıb.
2 saat ərzində liderlər heç nədə ortaq dil tapa bilməyib?
Suala konkret cavab vermək çətindir. Amma nəzərə alaq ki, istənilən danışığın konkret mövzuları olur. İlkin razılıq olmadan isə heç bir məsələ müzakirə subyekti olmur. Ona görə də Trampla Putin arasında davam edən 2 saatlıq danışığın nəticəsiz qaldığını elan etmək doğru olmaz. Yəqin ki, 2 saat ərzində liderlər çox məsələləri müzakirə ediblər və bəzi mövzularda müəyyən razılıqlara gəliblər.
Ukrayna mövzusu liderlər üçün nə qədər maraqlıdır?
Nədənsə çoxları bu telefon danışığında əsas müzakirə mövzusunun Ukrayna olduğunu düşünür. Halbuki bu gün həm ABŞ, həm də Rusiya üçün Ukraynadan da vacib problemlər var. Bu ilk növbədə hər iki ölkənin daxili siyasi-iqtisadi və hərbi təhlükəsizliyidir. Nəzərə alaq ki, Amerikanın iqtisadiyyatı defolt vəziyyətindədir. Dövlət borcu 36 trilyonu keçib. Əhalinin gəlirləri ilbəil azalır. Orta və minimum əmək haqqına görə ABŞ Avropanın və Asiyanın bir çox ölkələrindən geri qalır.
Rusiyada vəziyyət daha ağırdır. Həm Ukrayna ilə müharibə, həm də beynəlxalq sanksiyalar bu ölkəni çökdürüb. Avropaya uzanan qaz və neft kəmərləri, o cümlədən də digər nəqliyyat dəhlizlərinin iflic edilməsi Rusiyanı dalana sıxışdırıb.
Ona görə də həm Trampın, həm də Putinin müzakirəyə açıq olan kifayət qədər mövzuları var. Amma onlar publika üçün daha maraqlı olan Ukrayna mövzusunu önə atırlar.
Ukrayna Rusiya üçün qapanmış mövzudur.
Hazırkı vəziyyətdə Rusiya münaqişədə üstün tərəfdir. Buna görə də nə ABŞ, nə də Avropa İttifaqı Rusiyaya hansısa məsələni diqtə edə bilir. Əksinə, bu üstünlükdən faydalanaraq Rusiya Qərbə öz şərtlərini irəli sürür.
Təsadüfi deyil ki, Qərbin bəzi dairələri bu reallğı dərk edərək Ukraynada sülhün olmasını istəmir. Məsələn, Estoniyanın müdafiə naziri Hanno Pevkur “Bild” nəşrinə müsahibəsində bildirib ki, döyüşlərin bitməsi Qərb üçün təhlükənin artması deməkdir. O Ukraynada döyüşlər dayandırılarsa, Rusiya Prezidenti Vladimir Putinin daha da təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib:
“Hazırda cəbhədə olan təxminən 800 min rus əsgəri sülh əldə olunduqdan sonra evlərinə dönməyəcək, əksinə yeni əmrlər alaraq başqa sərhədlərə yönləndiriləcəklər. Qərb kəşfiyyat xidmətləri hesab edir ki, bu əsgərlər tez bir zamanda Finlandiya, Norveç, Baltikyanı ölkələr və Belarus istiqamətinə, yəni Polşa sərhədlərinə yerləşdirilə bilər”.
Ona görə də sülh danışıqları heç kim üçün maraqlı deyil. Bütün söyləntilərsə publika üçündür.
Fikrimizin sübutu üçün qeyd edək ki, Putinlə telefon danışığından öncə Tramp Zelenskiylə telefon əlaqəsi saxlayıb. Əslində belə bir danışığın daha sonra olacağı deyilirdi. Amma danışığın qabağa çəkilməsi onu göstərir ki, Tramp Putini yox, Zelenskini güzəştə məcbur etmək istəyir.
Rusiyanın sülh şərtləri çox ağırdır.
Rəsmi Moskva üçün indiki halda Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Rusiya sülhə yalnız o halda razıdır ki, indiki təmas xətti qorunub saxlanılsın. Bu isə o deməkdir ki, Ukrayna ərazilərinin 25 faizi Rusiyanın nəzarətində qalacaq. Zelenski də bu şərtə razı deyil. Üstəlik sülh heç bir tərəfə sərf eləmir. Çünki münaqişədə 100 faizlik qalib yoxdur.
Trampla Putin nəyi müzakirə edib?
Qeyd etdiyimiz kimi Rusiya və ABŞ arasında müzakirəsi vacib olan kifayət qədər problemlər var. Üstəlik, Hindistanın və Çinin sürətlə dirçəlməsi həm ABŞ-ı, həm də Rusiyanı narahat edir. Rusiya ilə ABŞ 100 ildir ki, “mehriban düşmən”dir. Amma həlledici məqamlarda iki ölkə bir-birləri ilə ortaq dil tapa biliblər. Ancaq son 30 ildə ABŞ Çinlə heç bir məsələdə razılığa gələ bilmir. Gücünə güc qatan Hindistanla da Qərb tam anlaşa bilmir. Amma Çin və Hindistan Rusiya ilə daha çox məsələlərdə ortaq mövqedən çıxış edir.
Ehtimal ki, Trampla Putin arasında əsas müzakirə mövzu da Çinlə Hindistan olub. Nəzərə alaq ki, Rusiyanın Ərəb dövlərinə təsir imkanları var. Bu günlərdə Tramp Sudiyyə Ərəbistanına, BƏƏ və Qətərə səfər edib. Səfər çox uğurlu keçib. Tramp Ağ Evə 3 trilyonluq sövdələşməylə dönüb. Trampın növbəti hədəfi digər Ərəb dövlətləri və Afrikadır. Amma Rusiya faktoru ABŞ üçün müəyyən əngəllər yaradır.
Etimal ki, bu məsələ də 2 saatlıq telefon danışıqlarında əsas müzakirə mövzularından biri olub.
Təbii ki, Putinin də Trampdan müəyyən istəkləri var. Bu ilk növbədə iqtisadi sanksiyalarla bağlıdır. Tramp istəsə, sanksiyalar ən azından xeyli yumşaldıla bilər. Yaxud da sanksiyaların icrası ləngidilər. Beləcə Rusiya öz iqtisadiyyatını tədricən dirçəldər.
Yəqin ki, Trampın istəklərinin qarşısında Putin də bu məsələni önə sürüb.
Təsadüfi deyil ki, ABŞ-la Rusiyanın yaxınlaşması Avropa dövlətlərini ciddi narahat edir. Artıq bununla bağlı müəyyən fikirlər də səslənir.
Ona görə də əminliklə deyə bilərik ki, Tramp-Putin danışıqları daha qlobal məsələlərin müzakirəsi üzərində qurulub.Təsadüfi deyil ki, telefon danışıqlarından sonra Tramp Ağ Evdə çıxışı zamanı deyib ki, rusiyalı həmkarı onunla telefon danışığında birinci xanım Melaniya
Trampı tərifləyib:
“Putin mənə dedi ki, “sizin həyat yoldaşınız böyük hörmətə malikdir”.
Təkcə bu məqam onu göstərir ki, hər iki lider danışıqların əsas predmetlərini gizlin saxlayırlar.
Bəs, hansı məsələlərdə razılığa gəlinib?
Bunu artıq zaman göstərəcək.
Surxay Atakişiyev, Bizim.Media