Lənkəran rayonunun Gərmətük qəsəbəsində maraqlı və qeyri-adi təbiət hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Akif Axundova məxsus həyətyanı sahədə yerləşən, 6-7 metr dərinliyə malik quyu uzun illərdir içməli su məqsədilə istifadə olunurdu. Lakin son günlərdə həmin quyudan isti su gəlib.
Ev sahibi bildirir ki, əvvəllər su sərin və şəffaf olub, lakin artıq 3-4 gündür isti su çıxır. Maraqlıdır ki, qonşuluqdakı digər evlərdəki quyuların sularında belə dəyişiklik müşahidə olunmayıb.
Əraziyə baxış keçirən müvafiq qurumların nümayəndələri quyudan nümunə götürərək laboratoriyaya göndəriblər. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət bölgədə mövcud olan sönməyən vulkanların təsiri ilə əlaqəli ola bilər. Bildirilir ki, suyun bu halı onu istifadəyə yararsız edə bilər və yeni quyu qazılması tövsiyə olunur.
Qeyd edək ki, həmin həyətdəki digər iki quyu isə hələ də normal içməli su verir.
Sabutay, Bizim.Media, Cənub bürosu