Paşinyan mina xəritələrinin yalnız 10 faizinin Azərbaycana verildiyini açıqlayıb. Onlar mina təhdidi ilə nəyə nail olmaq istəyirlər? Bəzi politoloqların fikrincə, İrəvan bu yolla Hadrut və Xocavəndi tələb edir, digərləri isə düşünür ki, Ermənistan sadəcə vaxt udmağa çalışır ki, ağır məğlubiyyətdən sonra zərrə də olsa, özlərinə gələ bilsinlər. Ermənilərin terrorla yarandığı həqiqətini təbliğ edənlərin versiyası isə daha qorxuncdur. Çünki bəzi tarixçilər mina vasitəsilə ermənilərin 44 günlük savaşdakı itki sayını bərabərləşdirmək istədiyini düşünür.
Paşinyanın açıqlamasına Bizim.Media üçün münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vurğuladı ki, Nikolun bu bəyanatının səbəbi seçkiqabağı və Ermənistandaxili kontekstdə təhlil edilməlidir.
Yəni, Paşinyan erməni xalqı qarşısına çıxıb başqa bir ifadə işlətməyəcəkdi:
“İyunun 20-nə qədər mina xəritələrinin qaytarılması ilə bağlı Nikoldan başqa davranış gözlənilmirdi. Paşinyanın bu açıqlaması özü-özlüyündə həmin bölgədə tonlarla minaların basdırılmasına dəlalət edir.
Ötən həftə 15 erməni hərbçisi əvəzində İrəvanın Ağdam rayonunun mina xəritəsini verməsi bir daha təsdiqləyir ki, mina xəritələri Ermənistanda var. İrəvan bunu etiraf edib, lakin mina xəritələrini verməməklə Ermənistan rəhbərliyi Azərbaycanın mülki əhalisinin ölümünə səbəb olub. Əslində Minsk Qrupu və digər beynəlxalq qruplar Nikol Paşinyanın bu byanatına o saat cavab verməliydilər ki, “niyə xəritə səndə ola-ola onu Azərbaycana təhvil vermirsən?”
Zaur Məmmədovun sözlərinə görə, belə faktlar beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın mövqeyini gücləndirir və qərbin ikili standartlar adı altında Bakıya təzyiq metodları gücdən düşür.
Çünki onlar Ermənistanın hərbi cinayətləri ilə əlaqədar öhdəlikləri olan vəzifələrini icra etməyiblər. O ki qaldı digər mina xəritələrinə....
“Təbii ki, İrəvan qarşıdakı aylarda mina xəritələrinin Azərbaycana verilməsilə bağlı bazarlıq edəcək. Bu bazarlıq ilk növbədə Azərbaycanda olan erməni cinayətkarlarla bağlı olacaq. O ki qaldı Xocavənd və Hadrut məsələsinə bu real deyil. Azərbaycan öz torpağının bir millimetrini də kiməsə güzəştə getməyəcək.
Hazırda önəmli olan isə 20 iyun parlament seçkilərində Paşinyanın, yoxsa Koçaryanın qalib gəlməsidir. Hər iki şəxsin baş nazir olmaq ehtimalı kifayət qədər yüksəkdir. Məlumata görə, Koçaryan insanları pulla ələ alır, onlara maddi və ərzaq yardımları edir ki, bu da seçiciləri rüşvət və qeyri-demokratik yollarla ələ almağa istiqamətlənmiş addımlardır. Unutmayaq ki, Rusiya, Gürcüstan, Ermənistandakı erməni oliqarxları, “Qarabağ klanı” Koçaryanın arxasında dayanıb. Bir şey ki, Koçaryanın seçki kampaniyasına sərf etdiyi maliyyə Paşinyanın təbliğat-təşviqatına xərclənən vəsaitdən dəfələrlə çoxdur.
Hər halda 20 iyun seçkilərindən sonra minalanmış Azərbaycan ərazilərinin xəritələrinin qaytarılması Ermənistanın yeni hökuməti ilə müzakirə olunacaq. Sözügedən müzakirələrdə isə torpaq bazarlığı mümkün deyil, bu cəfəngiyyatdır”.
Anar Rəhimov, Bizim.Media