Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edildi - FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edildi - FOTO

246602

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, iclasdan əvvəl komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında ikitərəfli görüş baş tutub.
 

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Söhbət zamanı enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.

Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 giqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər.

Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

• Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;

• Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;

• Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.
 

Həmin gün Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.


Dəyirmi masada çıxış edən Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya qoymağa dəvət edib.

Baş nazirin müavini əlavə edib ki, “Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir. Səfər çərçivəsində Baş nazirin müavini Samir Şərifov Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında da iştirak edib.

Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznes nümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcə də informasiya mübadiləsinə yardım göstərir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO