Qusar şəhər Uşaq İncəsənət Məktəbində sevilən və əvəzolunmaz bəstələrin müəllifi, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimovanın xatirəsinə həsr olunmuş "Nəğmə dolu bir ürəyəm, Ey Vətən" adlı musiqili gecə keçirilib.
Bizim.Media xəbər verir ki, konsert proqramında rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında bəstəkarın unudulmaz nəğmələri ifa olunub.
Tədbirdə çıxış edən görkəmli şair, yazıçı, jurnalist Sədaqət Kərimova Elza İbrahimovanın həyat və yaradıcılığı, zəngin musiqi irsi haqqında ətraflı məlumat verərək, bəstəkarla bağlı xoş xatirələrini bölüşüb.
Qeyd edib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir. Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnılar hər zaman sevilərək ifa olunur.
Konsert proqramında incəsənət xadimlərinin ifasında səsləndirilən, Elza İbrahimovanın repertuarına aid "Ey Vətən", "Gecələr bulaq başı", "Sən yadıma düşəndə", "Gəl barışaq", "Qurban verərdim" kimi mahnılar tamaşaçılar tərəfindən sevilərək dinlənilib.
Tədbirin sonunda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, müəllim və tələbə kollektivi başda olmaqla, musiqiçilərə, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirib.
Xalqın dəyərli sənətkatlarının, incəsənət nümayəndələrinin şərəfinə bu cür tədbirlərin keçirilməsinə hər zaman dəstək göstərəcəyini vurğulayıb.
Qeyd olunub ki, unudulmaz bəstələrin müəllifi Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqi irsi gələcəkdə hələ neçə-neçə nəsilləri heyran edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu