Hər bir xalqı fərqləndirən, özəl, özünəməxsus edən ənənələri, adətləridir.
Bizi də bənzərsiz, böyük, humanist xalq kimi tarixə salan, izimizi həkk edən tarixi min illərə dayanan gələnəklərimizdir.
Qonaqpərvərlik, böyüyə sayğı, yaşlıya ehtiram, uşağa qayğı...
Bu mənəvi dəyərlər sistemindən o qədər çox şey sadalamaq olar ki...
Bu sistem məhz nümunəvi vətəndaş, təəssübkeş insan formalaşdırmağa xidmət edən dəyər, ənənədir.
Amma dünya qloballaşmağa doğru yol alandan onun insanı kimi bəzi dəyərlər də dəyişməyə, yadlaşmağa başlayıb.
Təəssüf ki, bunun təsiri də bizdən yan keçmir. Hər gün öyünüb fəxr elədiyimiz bir çox cəhətlərimizin dəyərsizləşdiyini görmək üzücü, məyusedicidir.
Böyüyə, kiçiyə yer vermək kimi...
Xüsuslə ictimai nəqliyyatda əliuşaqlı qadına, yaşlı, əlil insana, qadına diqqət, əyləşməsinə şərait yaratmaq kimi...
Son zamanlar yaşlı nəslin əksəriyyəti bundan şikayətçidir.
Gənclərsə onları qınayan baxışları görməzdən gəlməyə çalışır.
Nə baş verir? Ənənələr niyə itir? Gənclər yorğundur, yoxsa böyüklər nümunəviliyini itirib?
Sosioloq Mail Yaqubluya görə, istər ictimai nəqliyyatda, istər başqa məkanda böyüyə, yaşlıya yol vermək, yer göstərmək, qadını, uşağı öncül etmək bizim milli-mənəvi dəyərlərimizdən biridir:
“Düzdür, bir çox ölkələrdə yer vermək ənənəsi yoxdur. Məsələn, mən bir dəfə Almaniyada bir yaşlı adama yerimi güzəştə getdim. Mənə izah etdilər ki, burda o davranış doğru qəbul edilmir, pis baxırlar. Amma bu, bizdə ənənədir. Böyüyə sayğının, diqqətin göstəricisidir. Hörmətin, ehtiramın ifadəsidir. Biz bu gözəlliyi qorumalıyıq. Çünki bu, bu ənənə spesifikdir, bənzərsizdir”.
Bəs, niyə indi bu ənənələri qoruya bilmirik?
Bu gənclərimizin böyüdüyü ailədəki tərbiyəyə bağlıdır. Ona görə həmişə deyirəm, valideyn ən böyük, ən vacib amildir.
Uşaq evdə nə görürsə, onu da cəmiyyətdə sərgiləyir, ictimai həyatda onu nümayiş etdirir. Ona görə də biz əgər uşaqlarımızın ənənələrə bağlı olmasını istəyiriksə, öncə valideynlərin həmin ənənəyə sadiq qalmasına çalışmalıyıq. Onlardan bunu istəməli, gözləməliyik, onların bunu unutmaması üçün təbliğat aparmalıyıq. Bu kimi gözəl ənənələri unutmağa qoymamalıyıq. Məncə, məsələnin həlli yolu budur”.
Rəna Cumaqızı, Bizim.Media