Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanlarına qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Ali məktəblərə qəbul imtahanları iki mərhələ və iki cəhdlə keçirilir. Birinci mərhələyə 3 fəndən ibarət olan buraxılış imtahanları, ikinci mərhələyə isə qruplara (I,II,III və IV) uyğun fənlər üzrə iki cəhddə keçirilən imtahanlar daxildir. Yəni birinci mərhələ bir cəhddən, ikinci mərhələ isə iki cəhddən ibarətdir.
MÖVZU İLƏ BAĞLI:
Abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat BAŞLADI
Birinci cəhd ilk dəfə müraciət edənlər üçün ödənişsizdir. İmtahanın ikinci cəhdi isə güzəştli şəxslər istisna olmaqla ödənişlidir.
Bundan başqa, abituriyentlər əlavə bir fənn seçməklə yaradılmış altqrup üzrə də imtahan verib, həmin altqrupa aid edilmiş ixtisası da seçə bilərlər. Yəni III qrup üzrə imtahan verəcək abituriyent həmin qrup üzrə yaradılan DT və əlavə olaraq TC altqrupunu seçərək coğrafiya fənnindən də imtahan verə bilər. Lakin bu altqruplardan ikincisini seçmək artıq ödənişlidir.
Bəs ödəniş nə qədərdir və ödənişli olmağın səbəbi nədir?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, eyni vaxtda iki altqrupu seçəndə bunun yalnız birincisi ödənişsizdir:
“Ödənişdən azad olma ancaq ilk müraciət və birinci cəhdə aiddir. Eyni vaxtda hər iki altqrupu seçəndə artıq bunun yalnız birincisinin ödənişini etmirsən. Digəri üçün isə əlavə bir imtahan keçirilir və Tarif Şurasının qərarına əsasən, o da 30 manatdır”.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, ilk dəfə imtahanda iştirak üçün müraciət edənlər, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanda iştirakı ödənişsizdir.
Onu da qeyd edək ki, bu il birinci qrup üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.
Günay Şahmar, Bizim.Media