Qusar rayonunda aprelin 15-i gecə saatlarından başlayaraq aprelin 16-sı gün boyu davam edən leysan yağışının fəsadları aradan qaldırılır. Bu məqsədlə rayon icra hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən tədbirlər davam etdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirlər çərçivəsində Əniq-Suvacal yolunun sel suları tərəfindən yuyulmuş hissəsi bərpa edilib.
Kəndin ərazisində işlər davam etdirilir. Çiləgir-Urva, Kuzun və Zindanmuruq yolları daş, çınqıl və palçıqdan təmizlənib.
Həzrə-Sudur, Həzrə-Zuxul, Qusar-Əniq-Laza avtomobil yollarının müəyyən hissələrində yaranmış qüsurların aradan qaldırılması, bərpası və qardan təmizlənməsi işləri görülür.
Qusarçay çayında çay məcrasının tənzimlənməsi, Gündüzqala kəndində sel suları tərəfindən yuyulması nəticəsində qırılmış 57 mm-lik qaz borusu bərpa olunub. Gədəzeyxur və Köhnə Xudat kəndlərində 4 ev və həyətyanı ərazidən su çəkilərək kənarlaşdırılıb. 60 kənddən 40-da elektrik enerjisinin verilişi bərpa edilib.
Digər yaşayış məntəqələrində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu