Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkini təqdim edirik:
Əsirlikdə qələbəni gözləmiş Armud ağacı
Novruz bayramını ailəmlə birlikdə Xankəndində qeyd etmişdik. Səhər erkəndən isə Kəlbəcər istiqamətində yola düşdük. Yol boyu düşüncələrim keçmişlə qarışır, hər addımda yaşanmış xatirələr canlanırdı.
Qozlukörpü kəndinə çatanda bir anlıq qulaqlarımda bir səs eşitdim.
- Biz burdayıq... Gəl bir görüşək...
Qəfil dayandım. Sanki döyüş yoldaşlarımın ruhu məni çağırırdı. Düşünmədən sükanı sağa döndərdim və Həsənriz (o vaxtkı Aterk) kəndinə yönəldim. Maşının içindəki sükut oğlum Ülvinin təəccüblü baxışları ilə pozuldu. O, nə baş verdiyini anlamadan gözlərini mənə dikmişdi.
- Sizə burada bəzi yerləri göstərəcəm, - dedim, səsimdə qeyri-ixtiyari bir qətiyyət hiss olunurdu.
İrəlilədikcə ətrafdakı mənzərə dəyişirdi. Keçmişin izləri, illərlə yaddaşıma həkk olunan səhnələr bir-bir gözlərimin önündə canlanırdı. Qarşıda bizi nələr gözləyirdi? Hansı xatirələr təzələnəcəkdi? Bunu yalnız irəlidəki yol göstərəcəkdi...
32 il əvvəl ilk dəfə ölümün nəfəsini hiss etdiyim yerdə idim. Zaman keçmiş, torpaqlarımız azad edilmiş, abadlıq işləri aparılmışdı. Yeni asfalt yollar çəkilmiş, evlər, binalar tikilmişdi. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, düşmənin vurduğu yaralar hələ də tam sağalmamışdı.
Yol boyu gözüm tanış mənzərələri axtarırdı. O günləri xatırladan torpaq yollar, dağıdılmış ferma, Qozlukörpü, İmarət Qərvənd, Zərdaxaç, Həsənriz (Aterk) kəndlərinin viran qalmış evləri hələ də olduğu kimi dururdu. Mənzərə dəyişsə də, torpaq keçmişin izlərini silməmişdi. Hisslərim bir-birinə qarışmışdı: ilk dəfə döyüşə atıldığım yerin həyəcanı, yoldaşlarımın gözümün qarşısında şəhid olduğu anların ürəkdağlayan xatirələri və illər sonra torpaqlarımızın azad edilməsinin verdiyi qürur.
İlk düşündüyüm Ali Hərbi Birləşmiş Komandirlər məktəbindən (BABKM) kursant yoldaşım və bu döyüşlərdə çiyin-çiyinə vuruşduğum silahdaşım, müharibənin bütün mərhələlərini yaşamış, bir gözünü və ağciyərinin bir hissəsini itirmiş qazi, mayor Bakir Abdullayev oldu.
Həsənriz kəndinin yuxarısında, teleqüllənin altında dayanmışdım. Burada, məhz bu sıldırım yerdə, PDM-2 (piyadanın döyüş maşını) texnikamız ilişib qalmışdı. Nəfəsimi dərib telefonu açdım, WhatsApp-da Bakirin nömrəsini tapdım. Sonuncu dəfə düz iki il əvvəl danışmışdıq.
Görüntülü zəng etdim. Telefonun kamerasını kəndin ən yüksək nöqtəsinə, teleqülləyə qalxan yola doğru tuşladım.
Bakir dərhal cavab verdi:
- Bəli, qardaş! Sabahın xeyir! Bayramın mübarək!
- Sabahın xeyir, qardaş! Sənin də bayramın mübarək! Bura sənə tanış gəlir?
Ekranda gördüyü mənzərəni tanıyan kimi Bakirin səsi dəyişdi. Bir anlıq susdu, sonra dərin bir nəfəs aldı:
- Ay daaaa... Qardaş, mən hər gecə buranı yuxumda görürəm. Heç unuda bilərəmmi?! Sağ tərəfində armud ağacı var di, ordadımi? O ağacın altında qalmışdı sənin PDM-in…
Ekranı sağa çevirdim. Bəli, o armud ağacı hələ də yerində idi. Amma bu dəfə o, sanki daha vüqarlı, daha qüdrətli görünürdü. Sinəsini irəli vermiş, budaqlarını göylərə açmışdı. Sanki bizə baxaraq pıçıldayırdı: "Mən hələ də buradayam, sağam və sizi gözləmişəm, mənim silahdaşlarım…"
***
Qarabağın acı taleyi: 1993-cü ilin soyuq, qanlı qışı.
1993-cü ilin əvvəli... Azərbaycan ağır sınaqlardan keçirdi. Ölkə müstəqilliyini qazandıqdan sonra daxili çəkişmələr, iqtisadi böhran və Qarabağda gedən müharibə xalqın həyatını çətinləşdirmişdi. Ölkənin siyasi səhnəsində gərginlik hökm sürürdü. 1992-ci ildə hakimiyyətə gələn AXC iqtidarı daxilində parçalanmalar başlayır, Elçibəy hökumətinə qarşı narazılıqlar artırdı. Hakimiyyət zəifləmiş, müxtəlif silahlı dəstələr meydana çıxmış, bəzi bölgələrdə mərkəzi hökumətə tabe olmayan qüvvələr formalaşmışdı.
1992-ci ilin mayında Rusiya, ermənilərin Azərbaycan xalqı qarşısında tab gətirə bilməyəcəyini gördü və atəşkəsin elan edilməsinə Azərbaycan tərəfini razı saldı. Bu, zahirən sülh naminə bir təşəbbüs kimi görünsə də, əslində qaranlıq bir planın başlanğıcı idi. Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan respublikalar öz ərazilərində rus qoşunlarının çıxarılmasını tələb edirdilər. Azərbaycanda artıq rus əsgəri qalmamışdı. Lakin Rusiya, Ermənistanda hərbi mövcudiyyətini saxlamağı bacardı.
Dağlıq Qarabağ münaqişəsini fürsətə çevirən Moskva, hər iki tərəfə eyni təklifi vermişdi: "Qalım, sizi qoruyaq." Amma bu təklifin arxasında gizlənən məqsəd aydın idi — bölgədə nəzarəti əldən verməmək. Ermənilər bu təklifi qəbul etdilər və bu qərar sonradan baş verən qanlı hadisələrlə öz təsdiqini tapdı. Çünki 1992-ci ilin mayında əldə edilmiş atəşkəs rejimi çox keçmədən məhz ermənilər tərəfindən pozuldu. O andan etibarən cəbhədə vəziyyət onların xeyrinə dəyişməyə başladı.
Rusiyanın Ermənistana Dağlıq Qarabağ münaqişəsində verdiyi dəstək təsadüfi və ya məhdud deyildi. Bu dəstəyin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini aşağıdakı faktlar açıq-aşkar göstərir:
- Sovet Ordusunun Zaqafqaziya Hərbi Dairəsinə daxil olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlıları ilə birgə tariximizin ən qanlı faciələrindən birinə – Xocalı soyqırımına imza atdı. Bu alayın etdiyi qırğınlar təkcə şahid ifadələri ilə deyil, həm də sənədlərlə geniş şəkildə təsdiq olunmuşdur.
- Hadisədən sonra həmin alay Ermənistana köçürüldü və formal olaraq ordudan çıxarıldı. Amma onun texnikası və silahları Ermənistana və erməni separatçılarının ixtiyarına verildi. Bu, yeni hücumların başlanması üçün kifayət qədər ciddi silah ehtiyatı demək idi.
- Rusiyadan gələn muzdlular birbaşa döyüş əməliyyatlarında iştirak edir, peşəkar təcrübələri ilə erməni birləşmələrinə döyüş bacarığı aşılayırdılar.
- Rusiya Federasiyasının Ermənistandakı 102-ci hərbi bazasının hüquqi statusu yalnız 1995-ci ildə rəsmi müqavilə ilə rəsmiləşdirilsə də, bu baza əslində hələ 1990-cı illərin əvvəllərində fəaliyyətə başlamışdı. 1992-ci ildən etibarən burada yerləşən hərbi texnikanın və resursların mühüm hissəsi Ermənistana və Dağlıq Qarabağdakı erməni qüvvələrinə ötürülmüşdü.
- Keçmiş Sovet ordusunun Cənubi Qafqazda yerləşən hərbi hissələrindəki silah və texnikaların bölgüsü zamanı Rusiya tərəfi ermənilərə böyük həcmdə silah, texnika və sursat verdi. 1997-ci ildə Rusiya Dövlət Dumasının apardığı rəsmi araşdırma nəticəsində, ümumi dəyəri 1 milyard dollardan çox olan silah və texnikanın qanunsuz şəkildə Ermənistana ötürülməsi təsdiqləndi.
1993-cü ilin fevralında isə cəbhədə vəziyyət dözülməz həddə çatmışdı.
Erməni silahlı dəstələri, ruslardan aldıqları hərbi və siyasi dəstəyə arxalanaraq hücumlarını genişləndirirdilər. Azərbaycanın müdafiə qüvvələri ağır itkilər verirdi. Ordu hələ tam formalaşmamış, təşkilatlanma prosesi tamamlanmamışdı. Koordinasiya yox səviyyəsində idi, təchizat isə ciddi çatışmazlıq içində idi.
Cəbhədə döyüşən qüvvələrin əksəriyyəti bir-birindən tamamilə müstəqil şəkildə fəaliyyət göstərən könüllü batalyonlardan ibarət idi. Onların bir çoxu Müdafiə Nazirliyinə tabe olmur, öz qərarları ilə hərəkət edirdilər. Bu xaotik vəziyyət, düşmənin qarşısında həm əsgərlərin həyatına, həm də torpaqlarımızın itirilməsilə ağır başa gəlirdi.
1993-cü ilin bu qarlı, şaxtalı günlərində Azərbaycan milli ordusunun əsgərləri soyuq səngərlərdə düşmənə qarşı ölüm-dirim savaşına atılmışdı. Müdafiə nazirləri bir-bir dəyişir, hərbi komandanlıqda xaos hökm sürürdü. Laçın, Kəlbəcər istiqamətlərində qanlı döyüşlər gedirdi, düşmən isə zəifliklərimizdən istifadə edərək irəliləməyə çalışırdı.
Bütün bu hadisələrin fonunda Azərbaycan Bakı Ali Birləşmiş Komandirlər Məktəbi (indiki Heydər Əliyev adına Hərbi inistitut) də öz tarixi sınağını yaşayırdı. Yeni hərbi təhsil sistemi qurulmalı, köhnə sovet nizam-intizamı yerini müasir ordu strukturuna verməli idi. Lakin bunun üçün nə kifayət qədər resurs, nə də təcrübəli kadrlar var idi. Sovet dövründə rus dilində olan tədris materialları artıq köhnəlmiş, Azərbaycan dilində hərbi terminologiya isə hələ tam formalaşmamışdı. Müəllim-zabitlərin çoxu ya təqaüdə çıxmış, ya da ölkəni tərk etmişdi. Təhsil sahəsində ciddi boşluqlar vardı. Müasir döyüş taktikaları, xüsusi əməliyyatlar, yeni silah texnologiyalarına dair biliklər kifayət qədər deyildi.
Biz, BABKM-ın 2-ci kurs tələbələri, bu çətinlikləri hər gün öz üzərimizdə hiss edirdik. Lakin bütün bunlar bizim ən böyük narahatlığımız deyildi. Ən çox bizi yandıran Qarabağda gedən döyüşlərdən uzaq qalmağımız idi. Biz məktəbin divarları arasında sıxılmış, həyəcanla cəbhəyə getmək üçün icazə gözləyən gənc əsgərlər idik. Hər dəfə cəbhədən gələn xəbərlər qanımızı coşdurur, dərslərə köklənməyə imkan vermirdi. Artıq kitab səhifələrində yazılan döyüş nəzəriyyələri bizə maraqlı gəlmirdi – biz döyüşün özünü görmək, torpaq uğrunda vuruşmaq istəyirdik.
Bir neçə dəfə yoldaşlarımızla gizlicə məktəbdən qaçıb Füzuli istiqamətində cəbhəyə yollanmışdıq. Hər dəfə bizi geri qaytarmışdılar. Amma hər dəfəsində döyüş həvəsimiz daha da artırdı. İçimizdə bir istək vardı – bir an öncə silaha sarılıb ön cəbhəyə atılmaq! Bizim üçün məktəbin divarları artıq dar gəlirdi. Hər gün eşitdiyimiz xəbərlər – dostlarımızın, yuxarı kurs tələbələrinin cəbhədə şəhid olması – bizə həm qürur, həm də iztirab verirdi. Onlar savaş meydanında tarix yazarkən biz burada, dərsliklər arasında vaxt itirirdik.
Yanvarın ilk günlərində məktəbdə dolaşan bir xəbər hamını həyəcan içində saxlayırdı: "Bizim kursu da cəbhəyə göndərəcəklər!". Məktəbdə qeyri-müəyyənlik hökm sürürdü. Heç kim bizə dəqiq heç nə demirdi. Gecələr yuxusuz qalır, özümüzü döyüş meydanında təsəvvür edirdik. Bəziləri qorxu içində raport yazıb məktəbi tərk edirdi. Biz onları qınamırdıq – hər kəs öz yolunu özü seçirdi. Amma biz qalanlar... biz gözləyirdik. Gözləyirdik ki, nəhayət, məktəbin bu soyuq divarlarından çıxıb torpağı qanımız bahasına qorumağa gedək.
Tağım komandirimiz baş leytenant Fuad Şərifzadəyə və bölük komandirimiz kapitan Aydın Rəhimova hər dəfə eyni sualı verirdik: "Biz nə vaxt cəbhəyə gedəcəyik?" Cavab isə dəyişmirdi: "Hələ dəqiq bir şey demək mümkün deyil." Amma onların gözlərində bizə demədikləri həqiqəti oxuyurduq – o gün gələcəkdi!
***
"Bir güllə, bir düşmən!" – Döyüşçü Olaraq Yola Çıxan Kursantlar
Fevral ayının əvvəllərindən başlayaraq Azərbaycan Milli Ordusu bütün cəbhə boyu geri çəkilməyə məcbur olmuşdu. Hər gün bir neçə kəndin, qəsəbənin düşmən tərəfindən işğal edildiyi xəbəri gəlirdi. Səngərlərimizdə ümid sönür, orduda fərarilik halları artırdı. Vəziyyət günü-gündən daha da gərginləşirdi.
Bu xaosun içində biz—kursumuzda qalan kursantlar — 2-ci kursun 1-ci smestrinin imtahanlarını verərək getməli olduğumuz qış məzuniyyətdən imtina edərək döyüşə göndəriləcəyimiz günü səbrsizliklə gözləyirdik.
Fevralın 12-si, axşam saat 19:00 radələrində kursumuza həyacan siqnalı ilə qaldırıldı. Həmin vaxt kursun bir hissəsi Ali Hərbi məktəb üzrə qaraulda idi. Tez bir zamanda qaraulda olan heyət digər kursla dəyişdirilərək bölük kazarmada toplandı. Cəbhəyə göndəriləcək heyətin rəhbəri təyin edilmiş Ali Hərbi məktəbin Nizamnamə kafedirasının müəllimi, polkovnik-leytenant Kərimov Zakir, Bölük komandiri kapitan Rəhimov Aydın, tağım komandirləri, baş leytenant Babayev Emil, leytenant Fuad Şərifzadə, leytenant Kəşanlı Rizvan, bölüyün baş çavuşu, baş gizir Əhədov İbad və 59 kursan olmaqla, 65 nəfər səssiz və qətiyyətlə hazırlıqlara başladı. Silah otağından avtomatlar və daraqlar götürüldü, əşya kisələrimiz, ləvazimatlarımız bir-bir yoxlandı. Hər şey qaydasında idi. Biz artıq döyüşə hazır idik.
KamAZ markalı yük maşınlarının motor səsi “Salyanski kazarma” adlanan hərbi şəhərcikdə yerləşən Ali Hərbi məktəbin həyətinin səssizliyini pozurdu. Kursantlar bir-bir maşının kuzovuna qalxır, üzlərində qürur və həyəcanla bir-birinə baxırdılar. Heç kim danışmırdı, amma hamımız eyni şeyi düşünürdük: bu yoldan sağ qayıtmayacağımız ehtimalı çox idi. Lakin kimsə bu fikri dilə gətirmirdi, hətta beynindən belə uzaqlaşdırmağa çalışırdı. Ölüm bizdən bir addım məsafədə olsa da, onu qəbul etməyə hazır idik.
Çünki biz gələcəyin zabiti olaraq vaxtından əvvəl döyüşçü olmuşduq, çünki biz döyüşə gedirdik!
Maşınlar hərəkətə gəldi. Sərin gecə havası üzümüzə vururdu. Yol boyunca mən hərbi məktəbdə öyrəndiyim taktika və döyüş üsullarını bir-bir xatırlamağa çalışırdım. Silahımı əlimdə möhkəmcə sıxdım. Onun soyuq dəmiri ovucuma yapışmışdı. "Bir güllə, bir düşmən!" – beyinmdə bu prinsip dönüb-dolaşırdı. Güllələrim bitərsə, süngü-bıçaq işə düşəcəkdi. Bədənimdəki hər əzələ, beynimdəki hər düşüncə yalnız bir məqsədə köklənmişdi: döyüşmək və qalib gəlmək!
Anidən xatirələr gözlərimin önündən keçməyə başladı. İzlədiyim döyüş filmləri, tarixi qəhrəmanların hekayələri, komandirlərimizin, müəllimlərimizin bizə verdiyi dərslər... Hər şey indi bir reallığa çevrilirdi. Biz artıq o filmlərin, o kitabların içindəydik.
Valideynlərim mənim döyüş bölgəsinə getdiyimi bilmirdilər. Onlara xəbər vermək haqda düşünmədim belə. Hər nə qədər bir valideyn Vətənini sevsə də, canından, qanından olan övladının ölümə getməsini heç vaxt rahat qəbul edə bilməzdi. Biz isə onlara kədər yox, qürur bəxş etməliydik. Vətəni qorumaq bizim borcumuz idi, bu borcu ödəmək üçün hər şeyə hazır olmalıydıq.
Qarşıda bizi nə gözlədiyini bilmirdik. Amma bir şeyi dəqiq bilirdik: biz döyüşəcəkdik, son nəfəsimizə qədər! Və əgər ölsək, düşmənin üzərinə əyilmədən, alnıaçıq, başıdik gedəcəkdik!
ARDI VAR...
Bizim.Media