Etibarlı tərəfdaş, uğurlu VASİTƏÇİ – Qlobal məsələlərin həllində fəal iştirakçıya çevrilən Azərbaycan – TƏHLİL

Etibarlı tərəfdaş, uğurlu VASİTƏÇİ – Qlobal məsələlərin həllində fəal iştirakçıya çevrilən Azərbaycan – TƏHLİL

Hazırda oxunan: Etibarlı tərəfdaş, uğurlu VASİTƏÇİ – Qlobal məsələlərin həllində fəal iştirakçıya çevrilən Azərbaycan – TƏHLİL

243757

44 günlük Vətən müharibəsi və onun nəticələri regionda yeni reallıqlar yaratdı. Öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan regional güc kimi siyasi səhnəyə çıxdı və region üçün yeni prioritetləri müəyyən etdi.

Azərbaycanın regional təhlükəsizliyə töhfəsi

Təsadüfi deyil ki, Zəfər günündən cəmi bir ay sonra Azərbaycan region dövlətləri üçün 3+3 platformasını təqdim etdi. Bu layihə təkcə bölgə dövlətlərinin inteqrasiyasını təmin etmir, həm də regiona davamlı sülh gətirir.

Təkcə bu layihə onu sübut etdi ki, Azərbaycan regional təhlükəsizliyə və davamlı sülhə çalışır. Bunun ardınca Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi və enerji layihələrinin təklifi Azərbaycanın artıq regional  aktor olduğunu göstərirdi. Ölkə başçısı İlham Əliyevin Avropanın enerji, Şərqinsə iqtisadi təhlükəsizliyi üçün irəli sürdüyü təkliflərə təbii ki, beynəlxalq aləm biganə qalmadı. Bir çox ölkə Azərbaycan liderinin təşəbbüslərinə qoşuldu.

Rəsmi Bakı uğurlu vasitəçi rolunda

Bu gün Azərbaycan həm də ən uğurlu vasitəçi, etibarlı tərəfdaşdır. Yada salaq ki, 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumundan sonra Ankara və Tel-Əviv arasında münasibətlər arzuolunmaz səviyyədə pisləşdi. Beynəlxalq ekspertlər hətta iddia edirdilər ki, münasibətlərdəki bu qədər ziddiyyət sonda toqquşmalara aparıb çıxara bilər.

Amma Azərbaycanın həm Türkiyə ilə olan qardaşlıq, həm də İsraillə olan dostluq münasibətləri iki ölkə arasındakı böhranın müharibəyə gedib çıxmasına maneə oldu. Üstəlik Azərbaycanın səyləri nəticəsində iki ölkə arasında münasibətlər normala doğru dəyişdi. Bu günlərdə isə Bakıda Türkiyə və İsrail nümayəndələri danışıqlar üçün bir araya gəldi.

Bununla bağlı İsrail hökümətinin sözçüsü Davit Mencer Bakı görüşlər barədə deyib ki, "Sağ olsun Azərbaycan və prezidenti”.

Bu da o deməkdir ki, tərəflər uzun müddətdən sonra Bakıda ortaq dil tapa biliblər və bunun da səbəbkarı Azərbaycandır.

İlk böhranda da Azərbaycan vasitəçilik etmişdi...

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasına da Azərbaycan vasitəçilik edib:

“Bu gün iki ölkə arasında baş verənlər ilk böhran deyil. Yaxın keçmişə nəzər salsaq, bu artıq ikinci böhrandır. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini yaxınlaşdıraq.

Azərbaycan burada tək deyildi, ancaq biz aparıcı rol oynadıq. Bu qapalı qapılar arxasında baş verirdi. Biz heç vaxt bununla öyünmədik, bunu ictimailəşdirmədik. Sadəcə olaraq, bizim qardaş və müttəfiqimiz Türkiyə və dost İsrail arasında münasibətlər bərpa edilməli idi”.

Halbuki, qlobal güclər İsraili Türkiyə ilə müharibəyə təşviq edirdi. Azərbaycan Prezidentinin prinsipiallığı və nüfuzu qlobal güclərin bu bədnam planını pozdu.

Bu gün Azərbaycan artıq qlobal səviyyəli məsələlərin həllində fəal iştirakçıdır.

Təsadüfi deyil ki, Azərbaycan Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk humanitar yardım göndərən ölkələrdən biri oldu. Üstəlik, ölkəmiz Suriyanın yenidən qurulmasında qardaş Türkiyə ilə birgə fəaliyyət göstərəcək.   

Son bir ayda Afrikanın 2 dövlətinin başçısı Azərbaycana səfər edib. Eləcə də Azərbaycan dövlətinin nümayəndələri son 1 ayda bir neçə Afrika ölkəsində işgüzar səfərlərdə olub.

Bütün bunlarsa təsadüf deyil. Bu uğurların bir səbəbi Azərbaycanın artan nüfuzudursa, digər səbəbi pandemiya dövründə ölkəmizin dünya dövlətlərinə davamlı və böyük ölçüdə yardımlarıdır.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı haqlı olaraq qeyd edib ki, biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk:

“COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.

Təbii ki, siyasi qərarlar reallıqlara uyğun verilməlidir. Bu gün həm Şərq, həm də Afrika ölkələri Qərbin yalançı vədlərinə inanmır, real dəstəkləri dəyərləndirir. Məhz bu səbəbə görə bir sıra Afrika dövlətləri Azərbaycana ümidlə baxır.

Qoşulmama Hərəkatına uğurlu sədrlik

Azərbaycanın son illərdə artan nüfuzunun daha bir sübutu Qoşulmama Hərəkatındakı danılmaz fəaliyyətidir. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycan bu günədək yeganə üzv dövlətdir ki, ikinci dəfə QH-na sədrlik edib. Çünki QH-yə sədrlik etdiyi birinci dönəmdə Azərbaycan çox səmərəli fəaliyyət göstərib.

Bütün bunlarsa Azərbaycanın siyasi gücünə və nüfuzuna güc qatdı. Azərbaycan çox qısa zamanda regional gücdən beynəlxalq aktora çevrilməyi bacardı. Artıq beynəlxalq aləm Azərbaycanla hesablaşır, ölkəmizin təşəbbüslərinə həvəslə qoşulurlar.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO