Doğru bildiyimiz YANLIŞLAR - At çapmaq prostatı müalicə edir?

Doğru bildiyimiz YANLIŞLAR - At çapmaq prostatı müalicə edir?

Hazırda oxunan: Doğru bildiyimiz YANLIŞLAR - At çapmaq prostatı müalicə edir?

242999

“Prostatla bağlı doğru bildiyimiz bir sıra yanlışlıqlar var. Prostatı bir xəstəlik kimi qəbul etmişik.

Halbuki prostat kişilərdə olan bir orqan, bir vəzdir. Ona görə də onu xəstəlik kimi qəbul etməməliyik”.

Bunu Bizim.Media-ya açıqlamasında həkim Zəbur Bağırov deyib. O bildirib ki, bu xəstəliyin son illərdə xeyli artdığı deyilir:

“Bu da onunla bağlıdır ki, son illərdə UZİ, ultrasəs müayinəsi, qan analizləri hesabına diaqnoz qoymaq imkanlarımız artıb. Halbuki bütün kişilərdə prostat problemi olub və olacaq. Sadəcə bu məsələ yaşla əlaqəlidir. 40-45 yaşdan yuxarı kişilərdə prostat vəzi böyüyür. Bu böyüməni isə müxtəlif səbəblərlə və problemlə izah etməyə çalışanlar var.

Məsələn, ayaq üstə sidiyə getməyin prostata zərərli olduğu deyilir. Əksinə oturaq şəkildə sidiyə getmənin prostatın böyüməsinin qarşısını aldığı iddia edilir. Bu doğru bildiyimiz yanlışlardan biridir. Reallıqda söylənilən fikirlərin hər ikisi öz təsdiqini tapmayıb”.

Prostatın böyüməsinin qarşısını nə ala bilir?

Müsahibimiz deyib ki, bu sahədə iddialar çoxdur:

“Məsələn belə bir iddia da var ki, cinsi əlaqədə çox olmaq prostatın qarşısını alır. Bu da yanlış fikirdir. Yanlış bildiyimiz “doğrular”dan biri də at minməyin, velosiped sürməyin prostat iltihabının qarşısını alması haqqında deyilənlərdir. Təəssüflə deməliyəm ki, at minmək, velosiped sürmək prostatın böyüməsinin  qarşısını almır, əksinə zərər verir. Belə ki, at minmək, velosiped sürmək nəticəsində prostat vəzində problem yarana bilər. Prostat vəzində zərər görmüş toxumalarda konsentrantlar toplana bilər. Bu da əlavə fəsadlara yol açar.

PSA analizi var. Bu analizi götürərkən PSA yuxarı çıxarkən qorxu yaradırlar ki, “səndə xərçəng var”.

Bu da doğru bilinən yanlışlardandır. Qeyd edək ki, PSA bir neçə səbəbdən - prostatdan, sidik kisəsinin iltihabından, əllə prostatın masajından və digər səbəblərdən qalxa bilər. Deyilən yanlışlardan biri də odur ki, prostat xərçəngi müalicə olunmur.

Xeyr! Prostat xərçənginin müalicəsi mümkündür. Prostat vəzinin iltihabı prostat adenomasına çevrilə bilər. Bu yanlış fikirdir. Bu daha çox irsi genetik faktorlarla bağlı olması sübut edilib”.

Prostat vəzinin müalicəsi ancaq cərrahiyyə yolu ilə mümkündür?

Müsahibimiz deyir ki, bu yanaşma da yanlışdır:

“Nəzərə alaq ki, son 25 ildə prostat vəzinin cərrahiyyə əməliyyatlarının qarşısı böyük ölçüdə alınıb. Çünki son illərdə hazırlanan prostat vəzi dərmanları bu sahədə inqilab yaradıb. Hazırda apteklərdə prostat vəzinin qarşısını ala bilən dərmanlar satılır. Hətta xoşxassəli şişin böyüməsinin qarşısını alan dərmanlar da mövcuddur”.

Prostatın böyüməsinin qarşısının alınmasının sadə yolu

Zəbur Bağırov deyir ki, bəzi insanlar prostat vəzinin böyüməsinin qarşısını almaq üçün müəyyən dərmanlar qəbul edir:

“Bu dərmanlarsa cinsi zəifliyə səbəb olur. Ona görə də prostatla bağlı dərmanları ancaq həkim rəyinə əsasən qəbul etmək lazımdır.

Deyirlər ki, su içmək prostat vəzinin böyüməsinin qarşısını alır. Bu da yanlış fikirdir. Su içmək xeyirlidir. Amma çox su qəbul etməklə prostat vəzinin böyüməsinin qarşısı alına bilməz. Ən yaxşı müalicə zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanma və düzənli idman ən yaxşı müalicə üsuludur”.

Sidik kisəsində daşların əmələ gəlməsi nəyə görə daha çox kişilərdə rast gəlinir?

Həkim qeyd edib ki, kişilərdə yaşa uyğun olaraq prostat böyüyür:

“Bu böyümə sidik axınının qarşısını alır. Nəticədə sidik kisəsində kristallar toplanır. Bəzən bu kristallar böyük daşa da çevrilə bilir. Belə vəziyyətdə isə cərrahi əməliyyat qaçılmaz olur. Sidik kisəsinə yığılan daşlar lazerlə qırılır, həmçinin böyümüş prostat vəzi TUR-P endeskopik əməliyyatla bərpa olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO