Erməni vəhşiliyinin əyani və canlı sübutu olan Quba Soyqırımı Memorial Kompleksinin yenilənməyə ciddi ehtiyacı var.
Kompleksin muzeyinin birinci və ikinci hissələrinə yağış suları damır. Bu səbəbdən divarlar həm içəridən, həm də çöl hissədən bərbad vəziyyətə düşüb.
Yağıntılı havada binanın fasad hissəsindən daman su damcıları içəridə çətinlik yaradır. Muzeyin çöl hissəsindən problem daha qabarıq görünür. Üstəlik çıxış hissəsində beton divarın aralandığı da diqqət çəkir.
Qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı vəhşicəsinə öldürülən və quyulara qalaqlanan on minlərlə dinc insanın xatirəsinə ucaldılıb. Fəaliyyətə başladığı gündən indiyədək 1 milyondan çox insanın ziyarət etdiyi kompleks Qudyalçayın sahilində yerləşməsi səbəbindən tədricən yararsız vəziyyətə düşməyə başlayıb.
Bizim.Media erməni vəhşiliyinə canlı sübut olan Quba Soyqırımı Memorial Kompleksinin təmiri məsələsini keçən ildən diqqətdə saxlayıb.
2024-cü il 31 mart -Azərbaycanlıların Soyqırımı günündə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya bu barədə sual ünvanlamışdıq.
Xidmət rəisi Quba Soyqırımı Memorial Kompleks binasının il ərzində bərpasının nəzərdə tutulduğunu bildirmişdi. Səbinə Hacıyeva konkret tarix açıqlamasa da, kompleksin bərpa məsələsinin aktual olduğunu da bildirmişdi.
Artıq həmin müsahibədən 1 il vaxt keçir. Növbəti 31 mart-Azərbaycanılların soyqırımı günü ərəfəsindəyik.
Amma kompleksdə hələ də təmir-bərpa işlərinə başlanılmayıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya bildirib ki, “Quba Soyqırımı Memorial Kompleksi"ndə cari təmir işlərinin aparılması üçün lazımi tədbirlər görülür. Artıq layihə-smeta sənədinin hazırlanması xidmətinin satın alınması məqsədilə müvafiq prosedurlara başlanılıb. Cari təmir işlərinin yaxın zamanda aparılması planlaşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu