Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.
Azərtac-ın və AzTV-nin çəkiliş qruplarının işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirərkən 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Nəticədə Azərtac-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.
Bununla yanaşı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində dinc əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, bütün dünyanın gözü qarşısında davam edir.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60 nəfərə yaxın insan həlak olub, 300-dən çox mülki insan yaralanıb.
Bundan başqa, sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir).
Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır.
Ümumilikdə, Ermənistan ordusunun Gəncəyə oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən düşmənin cinayətləri davamlı olmuş, 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak olub, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralanıb.
Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Ermənistan ordusunun Bərdəyə 2 gün ərzində “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olub, 80-dən çoxu yaralanıb.
Ümumiyyətlə, bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü və beynəlxalq cinayətləri nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən çox qadın və 30-dan çox uşaq yaralanıb.
Ancaq biz nəyin şahidi oluruq?
Otuz ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı Ermənistan ratifikasiya edib.
Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir.
Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq keçən dövr ərzində, xüsusilə 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.
Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq olunmamasından ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edib.
Ancaq dünya birliyi, xüsusilə böyük güclər təcavüzkar Ermənistanı sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması tələbini qoymadılar.
Bu səbəbdən, Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan 2020-ci il sentyabrın 27-dən BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək, BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra etdi.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurları şərtləndirirdi.
Azərbaycan Prezidenti deyib:
“Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik.
Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Bizim.Media