İran prezidentliyinə Azərbaycanlı namizəd – ŞANSI NƏ QƏDƏRDİR? - FOTO

İran prezidentliyinə Azərbaycanlı namizəd – ŞANSI NƏ QƏDƏRDİR? - FOTO

Hazırda oxunan: İran prezidentliyinə Azərbaycanlı namizəd – ŞANSI NƏ QƏDƏRDİR? - FOTO

23491

İranda 18 iyunda keçiriləcək prezident seçkiləri ölkə tarixində 13-cü olacaq. Prezidentliyə iddialı siyasətçilər arasında etnik olaraq azərbaycanlı olan Mohsen Mehrəlizadə də var.

Mohsen Mehrəlizadə seçimlərdə yarışacaq digər 6 namizəddən təkcə etnik mənşəyinə görə fərqlənmir. Habelə Mehrəlizadə reformistlərin tək ümid yeri olmaqla da digərlərinə zidd siyasi ideologiyanın daşıyıcısıdır.

Bəs, Mohsen Mehrəlizadə kimdir?

Mohsen Mehrəlizadə 1956-cı ildə Cənubi Azərbaycanın Marağa şəhərində dünyaya gəlib. Uzun müddətdir siyasi fəaliyyətlə məşğul olan soydaşımız daha əvvəl İsfahan ostanının general-qubernatou olmaqla, İranın əsas bölgələrindən birinə rəhbərlik edib. Həmçinin Mehrəlizadə qonşu ölkənin keçmiş prezidenti Məhəmməd Xatəminin hakimiyyəti dövründə İran İslam Respublikasının vitse-prezidenti və İran İdman Assosiasiyasının sədri vəzifələrini icra edib. Habelə 1997-2001-ci illərdə Xorasan ostanı da məhz soydaşımız tərəfindən idarə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH


Qeyd edək ki, Mohsen Mehrəlizadə 2005-ci ildə keçirilən prezident seçkilərində də namizədliyini irəli sürüb. Lakin yalnız 4,4% elektoratın səsini qazana bilib. 

2021-ci il seçkilərindən öncə isə cənublu soydaşımız daha çox iqtisadi açıqlamaları ilə diqqət çəkib. Ölkədə 6%-lik iqtisadi böyüməni hədəflədiyini bildirən Mehrəlizadə, həmçinin 4 milyon yeni iş yerinin yaradılacağını da çıxışlarında bildirib.

Qeyd edək ki, açıq şəkildə ifadə etməsə də, İrana xarici təsirlərin qarşısını almaq Mehrəlizadənin əsas siyasi xəttini təşkil edəcəyi açıqlamalarından görünür. 

Reformist ideyaların daşıyıcısı olsa belə, Mehrəlizadənin yenilikçi meyilli seçicilərin ciddi dəstəyini qazanacağı inandırıcı görünmür. 

Çünki İran Reformist Cəbhəsinin mətbuat katibi olan Azar Mansuri son namizədlərin adları açıqlandıqdan sonra, əsas reformistlərdən heç birinin namizədliyi qəbul edilməməsi səbəbindən hər hansı siyasi fiqura dəstək göstərməyəcəklərini bildirib.

Mohsen Mehrəlizadənin əleyhinə olan digər önəmli amil isə, mühafizəkar qanadın böyük gücə malik olmasıdır. Reformist qanaddan yalnız bir namizədin seçkilərdə iştirakına icazə verilməsi də bunun əyani sübutudur. Habelə islahatçıların Həsən Ruhaninin prezidentliyi dövründə ölkə iqtisadiyyatında inkişafa nail oluna bilməməsi radikalların əlini daha da gücləndirib.

Soydaşlarımızın Mehrəlizadənin ətrafında birləşməsi namizədin uğur qazanması ilə nəticələnə bilərdi. Lakin 2005-ci ildəki seçkilərdə belə, Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə Mehrəlizadə seçicilərin tam dəstəyini qazana bilməmişdi.

Həmçinin ilkin sorğular İran vətəndaşlarının 50%-dən çox hissəsinin seçkilərdə iştirak etmək istəmədiyini göstərir.

Bütün sadalanan amilləri nəzərə alaraq deyə bilərik ki, soydaşımız Mohsen Mehrəlizadənin İranın növbəti prezidenti seçilməsi imkanları xeyli aşağıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO