Dövlət Agentliyi Tərtər və Bərdə icra hakimiyyətləri ilə BACARMIR – ŞOK GÖRÜNTÜLƏR

Dövlət Agentliyi Tərtər və Bərdə icra hakimiyyətləri ilə BACARMIR – ŞOK GÖRÜNTÜLƏR

Hazırda oxunan: Dövlət Agentliyi Tərtər və Bərdə icra hakimiyyətləri ilə BACARMIR – ŞOK GÖRÜNTÜLƏR

22417

Azərbaycanda yerin təkindən istifadədə özbaşınalıq və qanunsuzluğun  hökm sürdüyünü xəbər vermişdik. Kür çayının sol qolu hesab olunan Tərtərçaydan qum və çınqıl istehsalının qeyri-qanuni şəkildə həyata keçirilməsi, dərinliklə bağlı normativlərin pozulması, üstəlik bu işlərin Bərdə və Tərtər rayon icra hakimiyyətlərinin rəhbərliyi altında reallaşdığını yazmışdıq.

Sözügedən istehsala icazə verən icra stukturları Tərtərçaydan qum-çınqıl çıxaran şirkətlərə bununla bağlı nə sənəd verir, nə də istehsal prosesinin mexanizminə və tələblərinə nəzarət edir. Bu isə ekoloji fəlakət yaradır. 

Bu dəfə Bizim.Media-ya qeyd olunan faktla bağlı videogörüntülər daxil olub. Görüntülərdən belə məlum olur ki, qum-çınqıl çıxarılması üçün yerin təki o qədər dərin qazılıb ki, texnika belə görünmür. Halbuki dərinliklə bağlı normativ 1-5 metr civarında olmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdə və Tərtər icra hakimiyyətlərinin sümürdüyü milyonlar – QUM BİZNESİ  


Ümumilikdə bu işə 13 drabilka cəlb olunub. 9-u Tərtərdə, 4-ü Bərdədə olmaqla gündəlik minimum hər drabilka 400 kub qum və çınqıl çıxarır. Hər kubunu 7 manatdan hesablasaq, ayda 1 milyondan çox qeyri qanuni gəlir əldə etmək deməkdir.

Faciə odur ki, qazıntı işlərinə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi icazə verməli halda, yerli icra hakimiyyətləri heç kimə məhəl qoymadan və icazə sənədi almadan sahibkarlarla birgə bu işi görürlər.

Qanunu pozan yerli strukturlar həm də bu hərəkətləri ilə ölkə başçısının müvafiq sərəncamı ilə yaradılan Agentliyin fəaliyyətinə qarşı çxırlar.

Bəllidir ki, yerin təkindən istifadə etmək hüququ qazanmaq istəyən hər bir şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etməklə hərraclarda iştirak edə bilərlər.

Bu tələbi pozan hər iki rayon rəhbərliyi yerlərdə əməlli-başlı “at oynadır”.

Qanunvericiliyə görə isə yeraltındakı ehtiyata icra hakimiyyətləri sərəncam verə bilməz. “Yer təki” haqqında qanunvericilliyə əsasən yerli icra hakimiyyətləri yer səthinə münasibətdə sərəncam verə bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbəri Samir Qurbanov saytımıza bildirib ki, sözügedən işlərin görülməsinə icra hakimiyyətləri göz yumur:

“Bu, ekoloji fəlakətdir Agentlk mütəmadi olaraq neqativ hallara qarşı nəzarət və mübarizə tədbirləri həyata keçirsə də, nəticəsi olmur. Dəfələrlə gedib tədbirlər görürük, cərimələr yazırıq, amma sahibkarlar qoyulan qaydalara əməl etmirlər. Öz fəaliyyətlərini heç nəyə məhəl qoymadan həyata keçirirlər. Qanun tanımırlar. Digər qurumlar, xüsusilə yerlərdə icra hakimiyyətləri buna göz yumur”.
 

Bərdə Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya sözügedən videogörüntülərlə tanış olsa da, bir neçə saatdan sonra məsələ ilə bağlı mövqe bildirmək səlahiyyətinin olmadığını bildirib və bizi Bərdə Rayon İcra başçsının digər müavini Vahid Qarayevə yönləndirib. Vahid Qarayev isə zənglərimizə cavab verməyib. 


Bənzər hal Tərtər Rayon İcra Hakimiyyətində də yaşanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Murad Səfərov sorğumuzu qəbul edərək, qurumdakı səlahiyyətli şəxsə yönləndirəcəyini və özləri bu barədə mövqe bildirəcəklərini deyib. Amma gün ərzində onlardan da xəbər çıxmayıb. 

Qeyd edək ki, Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür və 31 qolu var. Xaçınçay Kiçik Qafqazın Hacı-Yurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m), Alla-Qaya (2585 m) dağlarının bulaqlarından formalaşır.

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO