Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
Bizim.Media xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Hücum nəticəsində yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq mülki şəxs yaralanıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bizim.Media