Rusiyanın vasitəçiliyini istəmir, Brüssel prosesini pozur... – Paşinyan nə İSTƏYİR?

Rusiyanın vasitəçiliyini istəmir, Brüssel prosesini pozur... – Paşinyan nə İSTƏYİR?

Hazırda oxunan: Rusiyanın vasitəçiliyini istəmir, Brüssel prosesini pozur... – Paşinyan nə İSTƏYİR?

216148

"Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olunmuşdur və həqiqətən orada mühüm irəliləyişə nail olunmuşdur".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

"Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi", - Prezident bildirib.

Qeyd edək ki, İrəvan Rusiyanın vasitəçiliyini də qəbul etmir. Azərbaycan Prezidentinin açıqlaması isə göstərir ki, Rusiyanın vasitəçiliyini qəbul etməyən Ermənistan Brüssel formatından da imtina edir.

Bəs onda Ermənistan danışıqları necə davam etdirmək istəyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İrəvanın addımları Ermənistanın məqsədinin sülhün əldə edilməsinə əngəl olmaqdan ibarət olduğunu göstərir:

“Şarl Mişelin vasitəçiliyilə sülh danışıqlarına 2022-ci ilin aprelində başlanılıb. Brüsseldə XİN rəhbərlərinə tapşırıq verildi ki, sülh sazişi üzərində işə başlasınlar. Brüssel prosesi uğurlu oldu. 2022-ci ilin oktyabrında Praqada sənəd imzalandı. Burada Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəbul etdiyini bir daha təsdiqlədi. Brüssel prosesi 2023-cü ildə də uğurla davam edirdi. Ancaq 2023-cü ilin sonlarında keçiriləcək növbəti görüş ərəfəsi Paşinyan tələb etdi ki, prosesdə Fransa Prezidenti Makron da iştirak etsin. Təbii ki, Azərbaycan da bunu qəbul etmədi. Nəticədə 2023-cü il görüşü baş tutmadı.

Azərbaycan Prezidentinin iştirak etmədiyi Qranadakı Avropa Siyasi Birliyinin sammitində isə xoşagəlməz hadisə baş verdi. Ermənistan sülh sazişinə 3 prinsip təklif edirdi.  Şarl Mişel, Almaniya kansleri Şolts və Fransa prezidenti Makron da öz imzaları ilə həmin prinsipləri qəbul etdiklərini ortaya qoydular. Belədə artıq onların üçü də Ermənistan mövqeyində dayandıqlarını açıq şəkildə bəyan etdilər. Nəticədə də Brüssel prosesi pozuldu”.

Ekspert qeyd edir ki, indiki şəraitdə danışıqların ikitərəfli formatda keçirilməsi səmərəli ola bilərdi ki, İrəvan onu da pozmağa çalışır:

“Bu istiqamətdə də irəliyə doğru addımlar atıldı. Ancaq son günlər Ermənistan bu prosesi pozmaq üçün də əlindən gələni edir. İki ölkə XİN rəhbərlərinin Almatı görüşündə də Mirzoyan Qranada prinsiplərini səsləndirməklə həmin təması da əhəmiyyətsiz etdi. Hazırda 16 maddədən 13-ü razılaşdırılıb. Yerdə qalan hissəsi razılaşdırmaq əvəzinə rəsmi İrəvan təklif edir ki, indilikdə razılaşdırılan hissə üzrə sülh müqaviləsi imzalansın.

Yəni prinsipial müddəaların çıxarıldığı bir sənəd imzalansın. Madrid prinsipində isə göstərilir ki, hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb. Yəni yerdə qalan müddəalar da razılaşdırılmalıdır. Lakin Ermənistan bundan imtina edir və sülh danışıqları dalana dirənir.

Aydın olur ki, Ermənistanın məqsədi sülhə nail olmaq deyil.

Onlar sadəcə, özlərini sülhpərvər kimi təqdim edirlər. İrəvan Azərbaycana qarşı sülh sazişindən təbliğat vasitəsi kimi istifadə etməyə cəhd göstərməsə, yerdə qalan maddələri də razılaşdırıb, bu il ərzində sülh sazişi imzalamaq olar. Əksinə, Ermənistan mövcud mövqeyində qalsa, sülhün əldə olunmasını daha uzun müddət gözləməli olacağıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO