“Rusiya FSB nümayəndələrinə ancaq Sünikdə (Zəngəzurda - red.) yola nəzarət funksiyası verilə bilər”.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransında çıxışında deyib.
O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə istinad edərək, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılacağını bildirib:
“Ermənistan Respublikası vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FSB Sərhəd Xidmətinin orqanları həyata keçirir.
“Bu yaxınlarda müəyyən dairədə bu cümlə sitat gətirildi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər? Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.
Bizim.Media